44 günlük Vətən müharibəsində 2853 nəfər hərbi qulluqçu şəhid olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2853 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Həmin qazilərdən biri də Cəbrayıl uğrunda gedən döyüşlər zamanı yaralananan, bu vəziyyətdə də  ölümcül halda olan silahdaşını  döyüş meydanından çıxarıb  ,xilas etməyi bacaran  Qədəmullazadə Fərid Habil oğludur. Müharibə başlayandan orduya can atan Fərid səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. 
Müharibə zamanı və döyüş yolu haqqında “Astara” qəzetinə danışan qazimiz bildirir ki, qələbədən başqa yol yox idi.                                                                                      Fərid Qədəmullazadə   rayonun  Artupa kəndində 30 avqust 1995-ci ildə anadan olub.Azərbaycan Texniki Universitetini bitirib. 2020-ci ildən Astara Rayon İcra Hakimiyyəti aparatının baş mütəxəssisi vəzifəsində çalışır.

Fərid sentyabrda qismən səfərbərlik elan edildikdən sonra könüllü olaraq  cəbhəyə  yollanır.Füzuli istiqamətindən döyüşlərə qatılır.Əvvəlcə sürücü kimi fəaliyyət göstərir.Sonradan top atıcısı təyin edilir.Komanda  müşahidə postuna aparılır.Orada təminata yardım edir.

“7-8 km piyada içində çoxlu döyüş ləvazimatları olan təminatı daşıyırdıq ,dağa dırmaşırdıq. Oktyabrın 1-də Cəbrayılın girişində mühasirəyə düşdük. Saatlarca orada qaldıq .Bizə əmr gəldi, hədəfi üstümüzə çəkdik. Özümüzü hədəf vermişdik ki,bizə atsınlar, ordumuz  rahat irəliləyə bilsin. Orda hamımızın düşüncəsi bu idi ki,əgər düşmənlə qarşılaşsaq canını almadan, öz canımızı verməyəcəyik .Bir gündə başımızın üstündən  on minlərcə mərmi keçir ,top atılır, raket atılırdı.Bir deyim var: Torpağa su düşsə palçıq olar, qan düşsə Vətən olar. Qan olmasa idi , biz torpaqlarımızı azadlığa qovuşdura bilməzdik.”

Müsahibimiz  müharibənin onun yaddaşında buraxdığı izləri belə xatırladı:

“Müharibə insanı robotlaşdırır. Soyuqqanlı olmadınsa hədəf sən olacaqsan.Sənin vurmadığın hər bir hədəf  səni vuracaq.Ya yaşayıb yaşadacaqsan, ya qurban olacaqsan.                        Çətinliklə su tapırsan yoldaşınla onu içib  söhbət edirsən ,2 dəqiqə sonra isə görürsən ki ,artıq sən tək danışırsan, o yoxdur. Orada yoldaşın üçün üzülməyə də imkanın yoxdur. Üzüntü, həyəcan və qorxu,stres keçirirsən. Amma  bunların heç birini yaşaya bilmirsən. Nə də geridə qalan  xəyallarını ,heç nəyi düşünə bilməzsən.Yalnız sağ qalsan ,hər şey bitəndən  sonra bütün bu emosional halları keçirə bilərsən.Yalnız hədəfə yönəlirsən- şəhid olan döyüş yoldaşlarının qisasını almalısan.Ağlında başqa heç nə qalmır.Şərəfsiz düşmənə isə taktika ilə qalib gəlmək olar.Düşmən döyüşkən idi,amma  qorxaq idi.Üstünə getsən qaçırdı,getməsən atırdı.Çoxu heç erməni də deyildi. Muzdlu terrorçular tutmuşdular.”

F.Qədəmullazadə necə yaralanmasından və döyüş yoldaşlarından da danışdı:                      “Füzulinin çıxışında Cəbrayılda yaralanmışam.Həmin vaxt biz çadırda 8 nəfər idik. Dördümüz  astaralı idik.Səsi eşidəndə qışqırdım tullanın.Bizim olduğumuz səngərə- çadırın üstünə düşdü.Yerdə nə vardısa hər şeyi,məni də  1,5-2metr qaldırdı ,kənara tulladı.Döyüş sursatları olan yeşiklər var idi.Başım yeşiklərin arasında qaldı.Düşündüm ki,başım qopacaq.Amma o yeşiklər olmasa idi,mən şəhid olaraq gələcəkdim.Arxada Abdullahın  səsini eşitdim.Gördüm, qəlpə ağzından girib,hər tərəfindən qan tokülürdü.Qaldırdım çiynimə 5-10 metr daşıdım.Sonra sürüməyə başladım.Bütün bunlar 5-10 saniyə içində baş verdi.4-5 metr aralanmışdıq ki,yenidən həmin yerə mərmi düşdü. Sonra bizə kömək gəldi ,yoldaşımı təhvil verdim ki,birinci onu aparın.”

Fərid  isə Füzuliyə – Əhmədbəylidə hospitala çatdırılıb.Ayağından ağır qəlpə yaraları alıb. Qəlpələrin bir qismini çıxarıblar.Beş dəfə əməlliyyat edilib.Sinirlə sümük arasında olan kiçik qəlpələri çıxarmaq mümkün olmayıb.Elə qəlpələri çıxarmaq təhlükəli olduğu üçün bu qəlpələri  ömür boyu Fəridbədənində daçıyacaq.Üç  ay xəstəxanada -nevrologiya və reablitasiya şöbəsində müalicə alan Fəridin ayağının funksiyası nisbətən bərpa olub.

 Ailəsi ilə əlaqə saxlaya bilmədiyi vaxtlar döyüşçü  həddən artıq narahat anlar keçirib:

“İnanın ki, onların burada düşündüklərini biz də orada düşünürdük: “Necə xəbər edək ki, yaxşıyıq, yəni salamatıq”. Çünki bilirdik ki, əsasən də qadınlar, bircə saat əlaqə saxlamasaq, bu, onların ağlına min fikir gətirə bilirdi….Rabitəni  kəsmişdilər. Hansısa təpənin üstündə set tuturdu oranı da snayperlə vururdular. Bir dəfə evlə əlaqə saxladım, atamla danışdım. Məqsədim sonuncu dəfə əzizlərimin səsini eşitmək idi. Düşünürdüm ki,şəhid olsam , xəbər çatacaq onlara,ona görə təlaşa salmaq istəmirdim.

Biz getməsə idik ,bu, nəsildən-nəslə keçəcəkdi. Bu savaş bizimlə bitməli idi. Müharibə olmalı idi ki, illərcə evlərə od düşməsin, – deyə sözünü tamamladı qəhrəmanımız.