Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 10 fevral tarixində, anım günündə Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin məzarını ziyarət etmiş, önünə əklil qoymuşdur. Mirzə Ağamurad oğlu Cəbiyev 1925-ci ildə Hamoşam kəndində anadan olmuşdur. 1943-cü ildə Alman faşistləri ilə müharibəyə getmiş, Belarusiya cəbhəsində Berlinə qədər döyüşmüş, qəhrəmanlıqlar göstərmişdir. Ən böyük qəhrəmanlığı isə 1945-ci ilin 6 aprelində Keniqsberq şəhəri ətrafındakı döyüşlərdə olmuşdur. O, komandiri olduğu bölmə ilə düşmənə güclü müqavimət göstərərək, itkilərə məruz qoymuş, şəhərin ən hündür qalasına qələbə bayrağını sancmışdır. Bu qəhrəmanlığa görə Mirzə Cəbiyev ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Mirzə Cəbiyev 10 fevral 1978-ci ildə Bakı şəhərində xəstəxanada müalicə alarkən vəfat etmiş, qış ayı olduğu üçün nəşini rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Hamoşam kəndinə aparmaq mümkün olmamış, Astara şəhərində dəfn edilmişdir. İllər sonra ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Taxtanakəran-Toradi yolu asfaltlaşdırılmış, doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək torpağa tapşırılmışdır. Qısa bir zamanda rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə Mirzə Cəbiyevin qəbirüstü abidəsi yüksək səviyyədə götürülərək ətrafı abadlaşdırılmışdır. Qəhrəmanın doğmaları, ağsaqqallar, bütün kənd ictimaiyyəti bu nəcib və xeyirxah əmələ görə rayon rəhbərliyinə minnətdarlıq etmişlər.

İcra başçısı qeyd etmişdir ki, Mirzə Cəbiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ən gənc azərbaycanlı olub. O, müharibədən qayıdandan sonra dinc quruculuq illərində müxtəlif vəzifələrdə çalışmış, uzun illər doğma kəndində təsərrüfat rəhbəri kimi nümunəvi fəaliyyət göstərmiş, Hamoşam kəndinin inkişafında böyük əmək sərf etmişdir. Onun altmışıncı illərdə böyük çətinliklə, heç bir texnikadan istifadə olunmadan, yalnız əllə mürəkkəb relyef şəraitində yerləşən Hamoşam kəndinə ilk avtomobil yolu salmasını isə ikinci qəhrəmanlıq kimi qiymətləndirmək olar.

İcra başçısı Mirzə Cəbiyevin nəinki yaşadığı kənddə, rayonda və bütün Respublikada tanınan hörmətli simalardan biri olduğunu, ulu öndər Heydər Əliyevin onu şəxsən tanıdığını, şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Mirzə Cəbiyevə dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, o, doğma kəndindən ayrılmamış, kənd camaatının rahat yaşaması üçün o vaxt mümkün olan hər şeyi etmişdir. Ona görə də bütün sağlamlığını, mənalı həyatını doğma kəndinin inkişafına sərf edən qəhrəman eloğlumuzun elə bu kənddə torpağa tapşırılması ilə yəqin ki, bu gün ruhu da şaddır. Bütün nəsillər bilməlidir ki, ömrünü Vətəninə həsr edən, eli-obası üçün fədakarlıq göstərən insanlar heç vaxt unudulmur və unudulmayacaq.

Mirzə Cəbiyevin şərəfli ömür yolu burada yaşayan gənclər üçün bir nümunədir. Təsadüfi deyil ki, Hamoşam kəndinin Qarabağ müharibəsində verdiyi şəhidlərdən biri – Əliyev Çinar Mühəddin oğlu Qəhrəmanın doğma nəvəsidir.

Qəzənfər Ağayev Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin xatirəsinin doğmaları ilə yanaşı bütün onu tanıyanlar tərəfindən daim yad ediləcəyini, ehtiramla anılacağını bildirmişdir.