Rzazadə Zəlimxan Mürsəl oğlu 1999-cu ildə Motlayataq kəndində anadan olmuş, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlanan ilk gündən könüllü olaraq döyüşlərdə iştirak etmişdir.

Döyüş tapşırıqlarını bacarıqla yerinə yetirən Zəlimxan qorxmazlığı, cəsarəti ilə seçilmiş, Füzuli, Xocavənd və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində yüksək peşəkarlıq göstərmişdir. 26 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmış, müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılmışdır. Noyabrın 7-də yenidən ağır yaralanaraq təxliyə edilmiş, hərbi hospitalda müalicə olunmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Motlayataq kəndində İkinci Qarabağ müharibəsi qazisi Zəlimxan Rzazadənin evində onunla görüşən icra başçısı Qəzənfər Ağayev, döyüşçünün sağlamlığı ilə maraqlanmış, işğalçı Ermənistan ordusuna qarşı müharibədə göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə onu təbrik etmiş, Rzayevlər ailəsinə ləyaqətli, vətənpərvər övladlar böyütdüyünə görə minnətdarlıq etmişdir.

İcra başçısı Vətən müharibəsində şanlı Azərbaycan ordusunun, qəhrəman oğullarımızın göstərdiyi şücaətin misilsiz olduğunu bildirərək, bu döyüşlər haqqında hələ uzun illər danışılacağını diqqətə çatdırmışdır. Xüsusən, Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərinin düşməndən azad edilməsi zamanı qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət düşmənin özünü də çaş-baş salmış, onlar indi də bunun necə baş verdiyini anlaya bilmirlər. Erməni faşistləri başa düşmürlər ki, doğma torpağının həsrətini 30 il çəkən igid oğullarımız bu məqam üçün çox darıxmışdılar. Sıldırım qayaları dırmaşaraq düşmənlə əlbəyaxa döyüşə girən qəhrəman Azərbaycan hərbiçiləri nəyə qadir olduqlarını bütün dünyaya göstərdilər. Düşmən anladı ki, 90-cı illərdə həyata keçirdikləri işğalçılıq əslində onların gücü ilə olmayıb. O vaxt Azərbaycandakı hakimiyyət boşluğundan istifadə edərək havadarlarının dəstəyi ilə qazandıqları üstünlüyü müzəffər ordumuz 44 gün ərzində yerlə bir edərək, nəyə qadir olduğunu sübut etdilər.

Bu tarixi zəfərimizin başında isə əlbəttə ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev durur. Onun rəhbərliyi altında güclü ordumuz, əsgər və zabitlərimiz düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq şanlı bayrağımızı işğaldan azad etdikləri bütün Azərbaycan torpaqlarında dalğalandırmağa nail oldular. Bununla da şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, zaman-zaman soyqırıma məruz qalmış bütün soydaşlarımızın qisası alındı.

Bu qələbənin əldə edilməsində rayonumuzun gənclərinin də böyük əməyi vardır. Sənin döyüşlərdə yaralanandan sonra sağalaraq israrla yenidən cəbhəyə qayıtmağın, ikinci dəfə daha ağır qəlpə yarası almağın

böyük Vətən sevgindən irəli gəlir. Bir qardaşının hazırda orduda xidmətini davam etməsi də təqdirəlayiqdir.

İcra başçısı torpaqlarımızın mənfur düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Zəlimxan Rzazadəyə təşəkkürnamə təqdim etmiş, valideynlərinə minnətdarlığını bildirmişdir.