Astara rayon sakini Quliyev Eldar Fərzəli oğlu Vətən müharibəsində iştirak edərək Qələbəmizə öz töhfəsini verib.

Döyüşlər zamanı xəsarətlər almış qazini bu günlərdə evində ziyarət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun əlilliyinin qiymətləndirilməsinin aparılacağı barədə məlumat veriblər. Bildirilib ki, əlillik dərəcəsi təyin edildiyi halda qaziyə birdəfəlik və aylıq sosial ödənişlər veriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilib. Müəyyən olunub ki, E.Quliyev müddətdən artıq hərbi xidmət edən şəxsdir. Anası I dərəcə əlilliyi olan şəxs kimi aylıq pensiya və təqaüdlə təmin edilir.

Ailəli olan Eldarın həyat yoldaşının hazırda işləmədiyi və istəyi nəzərə alınaraq un məmulatlarının istehsalı sahəsi üzrə kiçik müəssisəsini qurmaq üçün özünüməşğulluq proqramına cəlb olunub. O, biznes planını uğurla müdafiə etdikdən sonra aktivlərlə təmin olunacaq.(AZƏRTAC)