Azərbaycanın müzəffər ordusunu təmsil etmiş və 44 günlük Vətən müharibəsində iştirak etmiş, fədakarlıq göstərmiş gənclərimizlə tanış olanda onların hər biri “Mən neyləmişəm ki şəhidlərimizdən yazın onların haqqı böyükdür” deyib söhbətdən boyun qaçırırlar. Əslində bu təvazökar gənclər unudurlar ki, Vətən müharibəsinə qatılmağın, orada yaşananların canlı şahidi olmağın özü cəsurluq, qəhrəmanlıqdır.

Şəhərimizin Heydər Əliyev prospektində yaşayan Rövşən Əkbər oğlu Məhərrəmzadə belə gənclərdəndir. O, 1994-cü il mayın 8-də sadə, zəhmətkeş ailədə doğulub. Ailənin yeganə oğludur. Bacısı Nərmin tibb bacısıdır. Rövşən 2011-ci ildə şəhər 5 saylı tam orta məktəbi bitirib. Elə həmin ilin payızında hərbi xidmətə çağırılır. Qazax rayonunda hərbi xidmətdə olan Rövşən özünü nümunəvi əsgər kimi tanıdır. Baş atıcı kimi üzərinə düşən xidmət borcunu məsuliyyətlə yerinə yetirir.

O, orta ixtisas təhsilli olsa da peşəsinə uyğun iş tapmadığından xırda ticarətlə məşğul olurdu. Ana Vətənimizin üstünü qara buludlar alanda Rövşən də bir çox yaşıdları ilə birlikdə hərbi komissarlığa çağırılır. Sentyabrın 21-də əzizlərindən ayrılan Rövşən əvvəlcə Ağcabədidə hərbi hissələrdə təlimlər keçir. O günlər hər zaman xatırlanacaq qədər Rövşənin yaddaşına həkk olunsa da amma nədənsə danışmağa çətinlik çəkirdi. O, elə hey “mən neyləmişəm ki” deyirdi. Anası Bahar xanım arada köməyimə çatır: “oğlum müharibədə olanda rahatlığım yox idi. Günləri həyəcanla Allaha dua etməklə keçirirdim. Şükür sağ-salamat qayıtdı. Amma nədənsə evə gələndən həddindən artıq sükuta dalır, heç nə danışmaq istəmir. O, müharibədən qayıdan günü sevindiyimizdən onun üçün iki qurban kəsdirdik. Balam dizin-dizin sürünüb ayaqlarımı qucaqlayanda sevincdən, həyəcandan az qala ürəyim partlasın. Allah mənfur düşmənə lənət eləsin. Balam gördüklərindən hələ də özünə gələ bilməyib. Şəhidləri düşünür və “heyf onlardan” deyib xəyala dalır.

Çətinliklə də olsa Rövşəndən aldığım məlumata görə onların dəstəsi Xocavənddə Nərgiz təpədə ən çətin mövqelərdə döyüşüblər. Həmin qızğın döyüşlərdə tağım komandirini və digər yoldaşlarını itirəndə Rövşən özlüyündə “ bir gün mən də beləcə şəhid olacağam” deyə düşünüb.

Quş uça bilmədiyi istehkamın önündə müdafiədə durmuş Rövşəngil hər an, hər saniyə ölümün qoxusunu duyublar. Belə cəsur gənclə söhbət etməkdə qürur duyduğumdan ondan nə düşündüyünü soruşdum:

-Rövşən, nədən bu qədər narahat görünürsən?

– Bilirsiniz, döyüşlərdə necə oğlanlar itirdik. Qələbə sorağını eşidən gün müharibənin bitməyinə inanmağımız gəlmirdi. Allah dövlətimizdən razı olsun bizə qələbəni qazandırdı. Amma gözümün önündə şəhid olan yoldaşlarımı xatırlayanda sevinməkdən, gülməkdən xəcalət çəkirəm.

– Eşitdiyimə görə dostlarından halallıq almısan…

– Evdəkilərlə az-az danışırdım. Onlara nə deyə bilərdim ki… Dostlarıma “şəhid olsam haqqınızı halal edin” demişdim. Dekabrın 31-də evə qayıtmışam. Anam məni zorla yedirdəndə 44 gün müharibədə yaşadıqlarım gözümün önünə gəlir. Azərbaycan ordusunun cəsur döyüşçüləri heç nədən qorxmadan çəkinmədən od, alovun üstünə gedirdilər. Yaşadığımız səngər həyatı bizi bir qardaş kimi doğmalaşdırmışdı. O günlərin həyəcanı sevinci, toz-dumanı yaddaşımızdan heç zaman silinməyəcək.

Rövşən Məhərrəmzadənin bacısı oğlu kiçik Əlirza Vətən müharibəsində baş verənləri televizorda izləyəndə ürəyində hərbiçi olmaq arzusu oyanıb.

“ Vətəni müdafiə edəcəyəm” deyən balacanın arzusu bizə bir el məsəlini xatırladır. “İgid oğlan dayısına oxşar”.

 

Gülnar Əsədli

Astarainfo.az