Onu şəhərimizdə marketlərdə işlədiyi dövrdən tanıyıram. Adını bilməsəm də xoş siması, sakitliyi ilə tanınırdı.

Bu günlərdə onunla görüşəndə “sən də mi Vətən müharibəsində iştirak etmisən ” ,-deyə sevinc qarışıq təəccüblə soruşdum. O, “bəs necə, özü də etimadı doğruldan əsgərlərdən olmuşam” deyib gülümsədi.

Səfər Elşad oğlu Səfərzadə 1997-ci il iyunun 7-də Rüdəkənar kəndində zəhmətkeş ailədə doğulub. Ailədə böyüyən qardaşları Elmurad, Babək hərbi xidmətdə nümunəvi əsgər kimi tanınanda evin son beşiyi şəhər 1 saylı tam orta məktəbdə oxuyan Səfər “mən də qardaşlarım kimi olacağam” deyə düşünüb. 2015-ci ildə təhsilini başa vuran Səfər sevinə-sevinə hərbi xidmətə yollanır. Ağdamda hərbi hissələrin birində kiçik çavuş kəşfiyyatçı, manqa komandiri kimi xidmət borcunu yerinə yetirərək rayona qayıdır. Bir müddət sonra şəhərdəki marketlərdən birində işə düzəlir. 2020-ci ilin sentyabrın 21-də Səfər iş başında olarkən onu hərbi komissarlığa çağırırlar. Yaxşı olar ki, ötən günlərdən Səfər özü söhbət etsin:

Həmin günü heç nədən xəbərim olmadığından komissarlığa bir qədər həyəcanlı halda gəldim. Məsələni öyrənəndə evə zəng edib “Vətən dardadır, salamat qalın, mən gedirəm” söylədim. Evdəkilərlə, yenicə doğulmuş körpəmlə vidalaşmadan şən halda,

gülə-gülə maşına minəndə atam gəlib çıxdı. Onunla ayaqüstü görüşüb yola düşdük. Həmin an hər birimizdə coşqunluq var idi. Heç nə düşünmürdük yalnız Vətənin çağırışına getməyi özümüzə şərəf bilirdik.

Biz müharibənin, qəhrəmanlığın, savaşın nə olduğu barədə kitablardan oxumuşduq. Görünür, bunların canlı şahidi olmaq qismətimizdə var imiş. Sentyabrın 26-da təlimlərdən sonra Xocavənddə olduq. Kiçik çavuş baş atıcı kimi 44 günlük müharibədə yaşadıqlarımdan ən çox yadda qalanı müharibənin bitdiyini, qələbəni öyrəndiyim gün oldu. Müharibədə tabeliyimdə olan 13 əsgərlə kəşfiyyat zamanı müşahidələr edərkən ev, ailə doğmalar hətta ölüm belə yada düşmürdü. Mövqelərin birində sol biləyimdən güllə yarası alsam da həyəcan keçirmədən tapşırılan işi başa çatdırdım. Evdəkilərlə tez-tez əlaqə yaratmağa can atmırdım. Onlar arada hətta öldüyümü də zənn ediblər. Ölümü düşünməklə iş bitmirdi o hər an bizi yaxalaya bilərdi. Xoş o adamın halına ki, Vətən yolunda şəhidliyi qazandı.

Səfər söhbətinə bir qədər ara verib susanda anladım ki, o Vətən müharibəsində şəhid olmuş yoldaşlarını düşünür. Yanvarın ortalarında doğmalarına qovuşan Səfər Səfərzadəni görən əzizləri gözlərinə inanmayıblar. Atası müharibəyə gedəndən bir boy da böyümüş körpə fidan 4 aydan sonra atasının qoxusunu duyarkən elə qucağındaca yuxulayır.

Müzəffər ordunun cəsur döyüşçüsünün körpəsi, yuxun həmişə şirin olsun!

Qeyd: Səfərlə söhbət əsnasında öyrəndim ki, çalışdığı  marketin rəhbəri  Səfərin müharibədə olduğu 4 ay ərzində ailəsini unutmamış əmək haqqını ödəməklə yanaşı onları həmişə ərzaqla təmin edibdir. Eyni zamanda Səfərin qayıtdığını eşidəndə kollektivi ilə yanaşı onun görüşünə gəlmiş iki qurban kəsdirmişlər.

Bəli, vətənpərvərlik tək müharibədə, savaşda deyil, arxa cəbhədə eyni zamanda insanın qəlbində hiss olunmalıdır.

 

Gülnar Əsədli

Astarainfo.az