Fevralın 15-də Astarada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi İli” dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılır” mövzusunda videokonfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasını tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına xüsusi önəm verib. Ulu Öndər deyirdi: “Milli dəyərlərimizi, ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bunun üçün orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq lazımdır – budur vətənpərvərlik.”

Videokonfransda Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli”, işğaldan azad edilmiş Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi önəm yetirilməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

Diqqətə çatdırılıb ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.