Azərbaycanın haqq, torpaqlarının bölünməzliyi uğrunda 44 gün davam edən və qələbə ilə başa çatan Vətən müharibəsinin iştirakçılarından birini Ərçivan qəsəbə sakini Vasif Fariz oğlu Nəsirovu sizlərə tanıtmaq istəyirəm. O, 1993-cü ilin iyunun 10-da zəhmətkeş bir ailədə doğulub. Atası Fariz sadə peşəsi – pinəçilik etməklə el-obasının hörmətini qazanıb. Bu sadə ailədə iki qəhrəman oğul böyüyüb. Hər ikisi Vətənə olan borclarını şərəflə yerinə yetiriblər.

Ərçivan 2 saylı tam orta məktəbi bitirən Vasif 2011-ci ildə hərbi xidmətə çağırılır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində xidməti borcunu uğurla başa vuran Vasif “gələcəkdə hərbiçi olacağam” deyə düşünüb. Ordudan tərxis olunandan sonra arzusunun dalınca getmək üçün sənədlərini hazırlayıb. Lakin istəyinə nail ola bilmədiyindən dayısından öyrəndiyi ustalıqla ailələrə sevinc bəxş edir. Ona “hərbiçi” yox, “usta Vasif” deyirlər.

2020-ci ilin sentyabr ayı bütün azərbaycanlılarda olduğu kimi Vasifin də yaddaşında ömürlük həkk olunub. O, sentyabrın 21-də iki körpəsindən, ailəsindən ayrılanda təşviş keçirsə də “körpələrin xoş gələcəyi naminə müdafiə etməyə dəyər” deyə düşünüb. Həmin gün yaşıdları ilə gülə-gülə Vətəni qorumağa yola düşən Vasif sentyabrın 26-da qardaşına zəng edib, ailəsini tapşırıb.

44 günlük Vətən müharibəsində tağım komandiri təyin edilmiş Vasif ömründən ötən günlərdən ağız dolusu, həyəcanla danışanda hiss olunurdu ki, qalib ordunun qalib əsgəri Vətən müharibəsində iştirak etməsi ilə fəxr edir.

– Vasif, müharibədə yaşadıqlarından əlavə nə demək istərdin?

– Sentyabrın 27-də səhər radələrində komandirimizdən əks hücum əmri alanda həyəcan keçirdim. Lakin sonralar bizdə düşmənə qarşı oyanmış nifrət hissindən ruh yüksəkliyi yarandı. Bu son ana, qələbə qazandığımız günə qədər qəlbimizi bürüdü, bizə güc-qüvvət verdi, yolumuzu işıqlandırdı. Azərbaycan ordusunda döyüşən əsgərlər ölüm olsa belə “son damla qanımıza qədər vuruşarıq” diləyi ilə daim irəliyə can atırdı. İtkilər onları qorxutmurdu əksinə daha da mübariz edirdi.

Xocavənddə günümüz meşələrdə keçirdi. Kəşfiyyatçı kimi dəfələrlə çətin keçidlərdə iştirak etmişəm. Bir dəfə kapitan Sakit Həsənov məni yanına çağırıb, “sənə çox güvənirəm, 12 nəfər seçmə əsgərlə keçid etməlisən” deyəndə bu etimaddan həyəcanlanmaqla yanaşı sevindim. Xocavənddə apardığımız əməliyyat həmin gün çox uğurlu alındı. Heç kim, heç nədən qorxmadan, çəkinmədən “təvəkkül Allaha” deyib hərəkət edirdi. Şəhidlərimiz düşmənin əlinə keçməsin deyə güllələr altında onları götürürdük. Hər dəfə təpələri enib, qalxmaq, dağlara dırmaşmaq, günlərlə ac-susuz hərəkət etmək döyüşçülərimizi əsla qorxutmurdu. Əmrə müntəzir əsgər kimi yalnız irəliyə, düşməni torpaqlarımızdan qovmağa köklənmişdik. Elə çətin mövqelərdə sağ qalmağımızın özü də möcüzədir. Hər dəfə qalib

gələndə biz daha da cəsurcasına döyüşlərə can atırdıq. Düzdür, çoxlu şəhidlərimiz oldu, amma qələbə sevincini yaşadıq.

Kəşfiyyatçı 44 gün Vətən müharibəsində sonuna qədər fədakarlıq göstərmiş el oğlumuz Vasif Nəsirov dekabrın axırlarında ailəsinə qovuşandan sonra şəhidlərin məzarını ziyarət edib.

Qalib ordumuzun cəsur döyüşçüsü Vasif Nəsirovun ailəsində gələcəyin iki əsgəri Asif və Amal böyüməkdədir. Allah qorusun!

Gülnar Əsədli

Astarainfo.az