Müstəqil Azərbaycanda Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi aşağı enmiş və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir. Müstəqil və suveren Azərbaycan dövləti keyfiyyətcə yeni olan, 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə bir çox islahatlar hesabına Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə qayıdış nəzərdə tutulub.

Ölkə prezidenti İlham Əliyevin 2021-ci il fevralın 2-də imzaladığı Sərəncama əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu səbəbdən, milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir. Çünki iqtisadiyyatı davamlı və yüksək templə artırmaqla adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxmasına da nail olmaq mümkündür. Bunun üçün isə ölkədə bazar iqtisadiyyatı ilə bərabər, sahibkarlıq da inkişaf etməlidir. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verib. Müsahiblərimiz də Prezidentin Sərəncamından irəli gələn məsələləri birmənalı şəkildə dəstəkləyirlər.

Elnur Quliyev(Qapıçıməhəllə kənd orta məktəbinin direktoru):

“Hər sahədə olduğu kimi təhsilin də özünəməxsus inkişaf istiqamətləri var. Bildiyimiz kimi kurikulum təhsil sistemindəki dəyişikliklərdə müəllimyönümlülükdən şagirdyönümlülüyə keçid edildi. Yəni şagirdə fikrini ifadə etmək üçün sərbəstlik verilir və şagirdin istəkləri önəmsənilir.

Qapıçıməhəllə kənd orta məktəbində fəaliyyətə başladığım müddətdə bir çox yeniliklərin icrasına nail olmuşuq. Prezidentin sözügedən sərəncamına əsasən biz bundan sonar müntəzəm çalışmaqla müasir tələblərə cavab verəcək bilik və bacarıqlara malik şagirdlər yetişdirməyə çalışacağıq. Dünya sürətlə inkişaf edir. Müəllimlər də bu inkişaf tempinə uyğunlaşmalıdır. Təhsil Nazirliyi bununla bağlı çoxlu seminarlar təşkil edir. Hər şeyə rəğmən inkişafa doğru addım atmaq və getdikcə bunu artırmaq mümkündür. Müasir dövrdə müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Yəni prioritetin uğurla reallaşdırılması üçün üç məqsədə XXI əsrin tələblərinə uyğun təhsil, yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzinə nail olmalıyıq. Təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Ölkə başçısı cənab İlham Əliyevin bu Sərəncamı qarşıya qoyulan vəzifələrin icrasından ötrü bizim istiqamət proqramımız olacaq.“

Nizami Rəsulov (sahibkar):

“Ölkəmizdə sahbkarlığın inkişafı üçün hər cür şərait vardır. Çalışdığı sahəsindən asılı olmayaraq dövlətimiz sahibkara məqsədinə nail olmaq üçün bütün imkanları yaratmışdır. Mən çalışdığım çayçılıq sahəsi haqqında fikirlərimi bildirmək istəyirəm. Prezidentin çayçılığın inkişafına dair 2018-2027-ci illər dövlət proqramı təsdiq edilib. Rayonumuzda da çayçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində müəyyən işlər görülmüşdür.

Dövlət başçısının yeni Sərəncamı iqtisadiyyatın digər sahələri kimi çayçılığın inkişafına da böyük kömək olacaq. Məlumat üçün bildirim ki, qonşu rayonlara nisbətən bizdə çayçılıq daha sürətlə inkişaf edir. Bizim fabrik ildə 3000 ton çay götürmə gücünə malikdir. Əvvəlki illər 200 ton çay götürürdüksə, cari ildə fabrikimiz 500 tondan artıq yaşıl çay yarpağı tədarük edib. Yeni plantasiyalar da saldığımıza görə bu rəqəmin ildən-ilə yüksələcəyi proqnozlaşdırılır. Cənab Prezidentin məlum Sərəncamı qarşıdakı illərdə çay istehsalını bir neçə dəfə artırmağa bizə kömkəklik edəcək. Cənab Prezidentin Sərəncamından irəli gələn vəzifələri həyata keçirməkdən ötrü biz sahibkarlar da əliməzdən gələni edəcəyik. Sərəncamdan irəli gələn prioritetlərə nail olmaq üçün iqtisadiyyatımızın dayanıqlı inkişafını təmin etməəklə Prezidentimizə dəstək olacağıq”.

Son illər ölkəmizin turizm sahəsində dinamik inkişafı rayonumuzda da özünü qabarıq göstərir. Belə ki, böyük turizm potensialına malik rayonumuzda turizmin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndlərinin yolu abadlaşdırılmış, tarixi, mədəni və təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin axını başlamışdır. Eyni zamanda dəniz sahilində müasir dizaynla tikilmiş park-bulvar, eləcə də Qamışoba, Şahağac kəndləri və Astara şəhərində mövcud çimərliklər, sahil boyu yaradılmış istirahət mərkəzləri rayona gələn turistlərin daha yaxşı istirahətinə zəmin yaradır. Bununla yanaşı rayonda olan şəlalələr, təbii landşaft, mineral bulaqlar, təbiət abidələri ilə zəngin olan Hirkan Milli parkının ərazisində yerləşən müalicəvi termik və mineral bulaqları olan zonaları buna misal gətirmək olar. Bu sektorda çalışanlar qeyd edir ki, turizmin inkişafı rayonumuza böyük iqtisadı səmərə verəcəkdir.

Şadoğlan Bayramov (turizm məsləhətçisi) :

“Rayonumuzda müasir turizm obyektlərinin tikilməsi ilə yanaşı eyni zamanda istirahət məkanlarına yaxın yerlərdə kənd turizmi sürətlə inkişaf edir. Bu səbəbdən rayona gələn qonaqların sayı daim artır. Əsas amillərdən biri də Rusiya və İrandan gələn turistlər üçün dillə bağlı probleminin olmaması, nisbətən ucuz xidmət və təhlükəsizliyə təminatının olmasıdır. Əlavə olaraq rayona gələn turistlərin həftəsonu rekreasiya zonalarında bir günlük və ya bir neçə saatlıq istirahəti üçün şərait mövcuddur.

Dövlət başçısının sözügedən Sərəncamda qeyd etdiyi kimi növbəti on ilin Milli Prioriteti işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlıdır. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə böyük zəfərə nail oldu. Bu

qayıdışla soydaşlarımız işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşacaq.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi kəndli istehsal etdiyi məhsulunu satmaqla kəndli-bazar münasibətlərinin inkişafı da əhalinin maddi rifah halının artmasına zəmin yaradır. Eyni zamanda dağ kəndlərində kəndlilər evlərini sərfəli qiymətə gələn turistlərə təklif edərək iaşə xidməti də göstərir. Bu halda müəyyən vəsait əldə etməklə artıq bu sahənin genişləndirilməsinə maraqlıdır. Bütün bunlar göstərir ki, 2031-ci ilə qədər turizm rayonumuza böyük iqtisadı səmərə verməklə bu sahənin inkişafına da böyük təkan verəcəkdir.”

Əminik ki, insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və iqtisadi suverenliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir. Biz də bu işdə əlimizdən gələni edəcəyik.

 

Əfsun Ələskərli