Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirtdiyi mətbuat konfransında Rusiya-Türkiyə Monitorinq Mərkəzinin noyabrın 10-da imzalanmış Bəyanata əsasən bölgədə təhlükəsizliyə nəzarət etdiyini qeyd etmişdir. Bildirmişdir ki, Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaradılan monitorinq mərkəzində hər cür şərait yaradılmışdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir.

Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın haqq işinə dəstək vermişdir. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın haqq işinə müdaxilə etməyin.

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır. Bu isə bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilib. 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi.

Türkiyədən alınan müasir texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq. Postmüharibə dövrü əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır.

Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Cənab Prezident qeyd etdi ki, Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da proseslərin tərkib hissəsi ola bilər. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur.

Cənab Prezident vurğuladı ki, Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir. Türkiyə şirkətləri ilə ilk kontraktlar imzalanıb. Görüləcək işlərin həcmi çox böyükdür. Bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq.

Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.

Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Azad edilmiş torpaqlarda bir çox sahələrdə – inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində Türkiyə şirkətlərini görəcəyik. Ona görə görüləcək işlər çox olacaq.

Prezident İlham Əliyev qeyd etdi ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edərək müharibədə böyük üstünlüyü təmin etmişdir. Hazırda yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olublar. Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. 2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdir. Keçən il pandemiyaya görə az keçirildi. Builki hərbi təlimlər Qars şəhərində keçirilmişdir. Bu sahədə gələcəkdə daha böyük işlər işlər aparılacaq. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Azərbaycanda da Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib.

Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk.

Cənab Prezident daha sonra vurğulamışdır ki, Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Müharibədən əvvəl Ermənistan Prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi. Yəni, Türkiyəyə ərazi iddiası var. Onlar

bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır. Yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxırıq. Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan söhbət gedirsə, Zəngəzur koridoru gerçəkləşdiriləcəksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Bu, Türkiyənin öz qərarıdır. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.