Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında müstəqil dövlətimizin böyük investorlar üçün artıq daha maraqlı ölkəyə çevrildiyini qeyd etmişdir. Bildirmişdir ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirməklə regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar. Bundan başqa Qarabağda böyük iqtisadi layihələr icra olunacaq. Böyük şəhərlərin baş planları tərtib edilərkən əhali artımı nəzərə alınacaq. Misal üçün, Ağdam şəhərində müharibədən əvvəl təqribən 40 minə yaxın insan yaşayırdısa indi əhalinin sayı 50 mindən çoxdur. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalı və buna uyğun infrastruktur yaradılmalıdır.

Cənab Prezident bildirmişdir ki, bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var. Ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək.

Vətən müharibəsində böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. İrimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları tikilməlidir.

Qarabağın çoxşaxəli iqtisadi potensialı nəzərə alınaraq burada çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacaq. Füzuli şəhəri ilə yanaşı Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Füzulidə aeroportun tikilməsi artıq başlanıb. Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ

istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.

Cənab Prezident vurğulamışdır ki, Qarabağın böyük kənd təsərrüfatı potensialı və zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.

Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları tikiləcək. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

Dövlət başçısı bildirmişdir ki, Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir. Pilot layihələrin icrası da başlanıb. Bir layihə – “ağıllı kənd” layihəsi artıq icra olunur. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə cari ilin sonuna qədər tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılacaq. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.

Bərpa prioritetləri mütləq olaraq qorunacaq. Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.

Cənab Prezidentin jurnalistlər qarşısında verdiyi bu açıqlamalar bizi hədsiz sevindirir. Biz Prezidentimizin gücünə, bacarığına, rəhbərliyinə inanır və güvənirik.