Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirtdiyi mətbuat konfransında bir daha bəyan etdi ki, Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Bunu dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və ermənilər haqqında da demək olar. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

Prezident qeyd etmişdir ki, Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır. Xalqlarımızın sülh içində yaşaması onların haqqıdır. Davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Davamlı sülhə nail olmaq prioritet vəzifədir. Düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq.

Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Birgəyaşayış prinsipi dayanaqlı inkişaf üçün əsas yaradır. Prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında bəzən açıq, bəzən qeyri-rəsmi formatda təmaslar qurulur, görüşlər keçirilir.

Dövlət başçısı bildirmişdir ki, bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir.

İnanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyev uzaqgörən siyasəti ilə xalqların sülh şəraitində yaşamasına nail olacaqdır.

Astarainfo.az