“Cənab Ali Baş Komandan!

Ağdam rayonu işğaldan azad olundu! Azərbaycan Bayrağı Ağdam şəhərində dalğalanır!

Yaşasın Azərbaycan!

Yaşasın cənab Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!”

Bu hərbi məruzə o qədər qürurvericidir ki, yaşanan hissləri sözlə ifadə etmək çətindir. 44 günlük Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı intizarla, hər an, hər dəqiqə bu həyəcan nidasını eşitmək arzusunda idi. Bu cür, hər məruzədən sonra, xalqımızın cənab Ali Baş Komandana, onun rəhbərliyi ilə zəfər tarixini yazan qəhrəman oğullarımıza inamı, rəğbəti birə min artır, salamatlığı üçün Allahdan dualar edirdi.

Belə məruzələrdən birini–Ağdam rayonunun işğaldan azad olunmasını cənab Ali Baş Komandana məruzə etməklə, xalqımızı müjdələyən astaralı gənc, hazırda Ağdamda xidmət edən xüsusi təyinatlı kəşfiyyat rəisi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Riyad Paşayevi daha yaxından tanıyaq.

Riyad Mirzəli oğlu Paşayev 1985-ci ildə Astara rayonun Şiyəkəran kəndində anadan olub. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq Azərbaycan ordusunda xüsusi təyinatlı zabit kimi xidmətə başlamışdır. Bacarığını təkmilləşdirmək üçün Azərbaycanda və xarici ölkələrdə ən mürəkkəb hərbi kursların iştirakçısı olmuşdur. 2009-cu ildə Silahlı qüvvələrin “Ən yaxşı kəşfiyyat qrup komandiri”, 2014-cü ildə “Ən yaxşı kəşfiyyat bölük komandiri”, 2019-cu ildə “Ən yaxşı kəşfiyyat rəisi” seçilmiş, dəfələrlə düşmən arxasında xüsusi kəşfiyyat əməliyyatlarına rəhbərlik etmişdir.

Nümunəvi xidmətlərinə görə Silahlı Qüvvələrin 90, 95 və 100 illiyi medalları, “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medallar və çoxlu Fəxri Fərmanlarla təltif olunmuşdur. İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığına görə təltiflər sırasına “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları da əlavə olunmuşdur. Ailəlidir, 1 övladı var.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlanan gündən qardaşı, müddətdən artıq hərbi xidmətçi olan Əhməd Paşayevlə birlikdə döyüşlərə qatılmış, axıra qədər döyüşlərdə iştirak etmiş, Talış-Suqovuşan- Ağdam istiqamətində bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərmişlər.

İcra başçısı Qəzənfər Ağayev silahlı qüvvələrin qəhrəman zabiti mayor Riyad Paşayevi qəbul etmiş, işğalçı Ermənistan ordusuna qarşı müharibədə göstərdiyi qəhrəmanlığa və şücaətə görə onu təbrik etmiş, Vətənə xidmətində müvəffəqiyyətlər arzulamışdır. Qeyd etmişdir ki, Vətən

müharibəsinin qələbəmizlə başa çatmasında şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, yüksək siyasi və hərbi bacarığı ilk növbədə qeyd edilməlidir. Ordumuzun əsgər və zabitləri də bundan güc alaraq düşmənə layiq olduqları yeri göstərdilər. İlk hücumdaca cəsur döyüşçülərimiz düşmənin 30 il ərzində qurduqları mühəndis-istehkam qurğularını dağıdaraq ordumuzun hücumu üçün şərait yaratdı. Bu döyüşlərdə sənin də sıralarında olduğun xüsusi təyinatlılarımız isə düşmənin qorxulu yuxusuna çevrilmişdi. Qoşunlarımızın bütün cəbhə boyu təhlükəsiz irəliləməsi üçün xüsusi təyinatlılarımızın böyük xidmətləri vardır. Bildiyimiz kimi, Şuşa şəhəri olduqca strateji yerdə, dağlıq ərazidə yerləşir. Şuşa əməliyyatı zamanı xüsusi təyinatlılarımızın apardığı əlbəyaxa döyüşdə düşmən hətta bütün texnikalarını qoyaraq qaçmağa məcbur oldu və şəhər düşməndən azad edildi. Bu tarixdə bir ilkdir.

Ordumuzun şəxsi heyətinin bir çox digər ərazilərimizin işğaldan azad etmə əməliyyatları indi də hərbi ekspertləri təəccübləndirir. Təcrübəli, qorxmaz, döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirən qəhrəman oğullarımızın Vətən qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq. Siz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında uzun illərin həsrətinə son qoyaraq xalqımıza qələbə sevincini yaşadan qəhrəmanlarımızsınız. Siz bu qələbə ilə tarixi torpaqlarımıza qayıtmaq sevincini bizə yaşadaraq, bütün şəhidlərimizin qisasını aldınız. Bütün Azərbaycan xalqı daim sizi sevəcək və əzizləyəcək.

Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularındandır. Cənab Prezidentin rəhbərliyi ilə silahlı qüvvələrimizin daha da modernləşdirilməsi, möhkəmləndirilməsi, ən müasir və keyfiyyətli silahlarla təchizatı istiqamətində işlər davam edir. Müharibə dövründə ordumuz Türkiyə istehsalı olan silahlardan məharətlə istifadə edərək qələbəni təmin etdi. Hazırda Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü daha da artıracaq. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. Bu yaxınlarda Qars şəhərində keçirilən birgə hərbi təlimlər buna sübutdur. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasında olduğundan Azərbaycanda da Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik.

Sən də bir neçə dəfə qardaş ölkədə mürəkkəb hərbi təlim kursları keçib bilik və bacarığını artırmısan. Sən Azərbaycanın tarixi ərazilərindən biri olan Ağdam rayonunun işğaldan azad edilməsini cənab Ali Baş Komandana məruzə edən qəhrəman zabit kimi qədirbilən xalqımızın yaddaşında və şanlı tariximizin səhifələrində əbədi qalacaqsan. Səni bir daha təbrik edir, Vətən torpaqlarının azad edilməsində göstərdiyin qəhrəmanlığa görə xüsusi təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Mərasim Hacızadə

Astarainfo.az