Unutsaq, unudularıq

Gəlimli-gedimli, bir ucu ölümlü dünya bəşər övladına nələr yaşatmır. O da yaşadı, yaratdı. Hətta son anında belə yaratmağı arzuladısa, amma əbədiyyətə köçdü.

Fatma Həsənqızı 1932-ci ildə ətirli yaz səhərlərinin birində aprelin – 10-da  rayonumuzun Kakalos kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Atası əsl ziyalı kimi respublikanın müxtəlif rayonlarında məsul işdə çalışmışdır.  Elə ilkin övladının sevincini də rayondan uzaqlarda yaşayıb.

Balaca Fatma ilk təhsilini kənddə yeddiillik natamam orta məktəbdə alır. Oranı əla qiymətlərlə bitirdiyindən Bakıda 1 nömrəli tibb məktəbinə imtahansız qəbul olur. Bir müddət tibb sahəsində fəaliyyət göstərir. Lakin uşaq ikən nəğməkar anası Xanımdan əxz etdiyi folklor nümunələri bayatılar, qoşmalar, sayaçı sözlər qəlbində yuva qurduğundan yaradıcılığa meyl salır və ilk əsərini “İki pinti”ni ərsəyə gətirir. O zaman Azərbaycan Yazıçılar Birliyində çalışan şairə Nigar Rəfibəyli ona dəstək olur, yazdığını “Pioner” jurnalında çap etdirir.  O, ustad şairənin yazdığına dəyər verməsindən qanadlanır və bununla da ədəbiyyatda Fatma Həsənqızının imzası qoyulur.

1962-ci ildə M.Əliyev  adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olur. 1968-ci ildə institutu bitirəndən sonra “Gənclik” nəşriyyatında korrektor, texniki redaktor, redaktor, sonralar Azərbaycan Mədəniyyət Nazirliyinin Elmi Metodiki Mərkəzində teatrşünas kimi baş metodist vəzifəsində fəaliyyət göstərmişdir.

Araşdırmaçılıq qabiliyyəti,tədqiqatçılıq səriştəsi ilə Fatma Həsənqızı yaza-yaza püxtələşir və yeni-yeni əsərlər meydana gətirir. Onun “Məhluqə Sadıxova”, “El ruhunda”, “Qəpikdən milyona doğru”, “Xocalıda uşaqların fəryadı”, “Nəsildən nəsilə” kitabları oxucuların rəğbətini qazanmışdır.

Müəllifin “Tibb bacısı”, “Nurlu meşənin nağılı”, “Şirin qəzəli”, “Anasını öpməyən qız”, “Elçisi gülüm olanın, başına külüm olar”, “Simurq quşu”, “Meşəmizdə div peyda olub”, “Nizam tərəzi”, “Qızıl alma”, “Su pərisi”, “İnad”, “20 yanvar”, “Dilək”, “Gültəkin”. “Geriyə yol yoxdur”, “Anaların fəryadı”, “ Tıq-tıq xanım”, pyesləri çapdan çıxmış, dövlət teatrlarında mavi ekranda, xalq teatrlarında məktəb səhnələrində göstərilib.

Məhsuldar yazıçının əsərlərində şerə, bayatıya, rübailərə, qoşmalara el nəğmələrinə geniş yer verilibdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Fatma Həsənqızının kitablarının təqdimatı dəfələrlə Yazıçılar birliyində keçirilib.  Doğulduğu Kakalos kəndində yaradıcılıq gecəsi 80 illik yubileyi, Pensər kəndində “Nəsildən nəsilə” kitabının təqdimatı təntənə ilə qeyd olunub.

Onun oxunaqlı kitablarından biri də poliqrafiya aləmində tutarlı yeri olan Azərbaycanda yeganə poliqrafçı alim Şəddat Cəfərovun şərəfli və mənalı həyat yolundan, elmi axtarışlarından, ibrətamiz əmək fəaliyyətindən bəhs edən bədii bibloqrafik əsəridir.

Fatma Həsənqızı haqqında poliqrafçı alim Şəddat Cəfərov “Kitabla döyünən ürək” məqaləsində yazır: “  Fatma Həsənqızının hər dəfə xatirələrini dinlədikcə, həyatının əks-sədası olan hekayələrini, romanlarını oxuduqca dərk etmişəm ki, həyatın zərbələri qarşısında insanın müdafiə gücü daha üstündür. Fatma Həsənqızı sadəcə bu ehtiyat gücündən, enerjidən qədərincə bəhrələnə bilirdi. Onun  həyatı timsalında deyərdim ki, insanın özünəinam isə ayrıca bir qüvvədir. O da  bu qüvvəni layiqincə və məharətlə işə sala bilmişdir. O, köməksiz, tənhalıq yolları keçərək yalnız özünə güvənərək həyatda rastlaşdığı bütün zərbələrə sinə gəlib. O, heç vaxt zəhmətdən qorxmamış və yalnız öz istedadına, biliyinə, həyatda müşahidə etdiyinə güvənib doğru yol seçib və  yaşadığı taleyi  qismən də olsa “Nəsildən-Nəslə” kitabında yaza bilmişdir.

Onun qəlbi həmişə kitabla döyünüb, yazdığı kitabların hamısı faktlara əsaslanıb. Hər bir faktın arxasında dayanan insan ömrünün ayrı-ayrı mərhələlərini sözə gətirmək üçün aylarla, bəzən illərlə vaxt lazımdır. Çünki ömrün hər anı iztirablar,əziyyətlər, bitib-tükənməyən zəhmət deməkdir. Fatma Həsənqızı  əyilmədən, büdrəmədən, yıxılmadan , hər kəsə nəsib olmayan şərəfli həyat   yolu keçmişdir. Bütün bunların arxasında iradə , cəmiyyətə sağlam münasibət, elinə-obasına sevgi, dövlətinə sadiq olmaq dayanır. Yüksək mənəvi keyfiyyətlərə malik insan olan Fatma Həsənqızının itkisi yaxın dost kimi məni də kədərləndirdi.”

Fatma Həsənqızı Bakıda məsul işdə çalışmış  Əliyəsər Hüseynovla ailə həyatı qurmuş iki övlad olmuşdur. Qayğıkeş ananın qızlarından biri  Rühəngiz Asəf Zeynallı adına musiqi, digəri  Firəngiz isə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir.

Yaz səhərində dünyaya gəlmiş, yarım əsrdən çox yaradıcılıqla məşğul olmuş Fatma Həsənqızı 2021-ci il fevralın 2-də dünyasını dəyişmişdir. Bakıda yaşayıb yaratmış yazıçının vəsiyyətinə görə Kakalos kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılmışdır.

Qeyd: Vəfatından bir gün öncə Kakalosa, Fatma Həsənqızının görüşünə getmişdim. O, elimizin ağbirçəyi, mədəniyyətimizin cəfakeşi, fədakarı bacısı Fərbiyə xanımın evində yataqda idi.  Hafizəsi möhkəm xanım məni dərhal tanıdı, təbəssümlə salamladı. Onu yormadan azacıq söhbətləşdik. Qeyri iradi “Ürəyində bir diləyiniz varmı” deyə ondan soruşdum. Heç zaman müqəddəs qələmindən usanmamış yazar xanım “Xocalı yanğısından yenidən yazmaq istərdim” deyib susdu. Sonra azacıq su içib  bir qədər kəsik-kəsik çapa verdiyi “Balaca” adlı əsərindən söz açdı. Ayrılarkən “Fərbiyəni həmişə axtarasan” deyərək dərindən köks ötürdü.

Bacısının itkisindən sarsılan Fərbiyə xanımın söhbətindən:

Üç aylıq – körpə ikən atam Böyük Vətən Müharibəsinə gedib. Anam qonşu qadınlarla səhərdən axşama qədər əkin-biçində olardı. Bütün qayğımı çəkən birinci sinifdə oxuyan bacım Fatma olub. Mənə qayğı göstərmiş bacımla, onun yazdığı əsərləri ilə həmişə fəxr etmişəm. Onun alleqorik əsərləri Kakalos kənd mədəniyyət evinin nəznində fəaliyyət göstərən xalq teatrında səhnələşdirilmiş həvəskar aktyorlar tərəfindən maraqla oynanılmışdır.

Bacım xeyirxah insan kimi imkansızlara həmişə əl tutardı. O evindəki musiqi aləti – pianonu rayon uşaq musiqi məktəbinə hədiyyə edəndə necə də sevinmişdi. İnanıram ki, bacım tək əzizlərinin yox, tanıyanlarının da qəlbində yaşayacaq.

Bu gün yazıçı,publisist,uşaq dramaturqu Fatma Həsənqızının ölümünün 40-cı günüdür .Allahdan bəxş olunan ömür payını mənalı yaşamış yazıçı, publisist uşaq dramaturqu Fatma Həsənqızı, ruhun şad olsun!

Gülnar Əsədli