13-17 mart 1995-c il tarixində Rövşən Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifət dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə faktiki qiyam baş vermişdir. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdır. Martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərilmişdir. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə almış və qiyam yatırılmışdır.

1995-c ilin mart hadisələri silahlı qiyam kimi qiymətləndirilməlidir. “OMON”-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdılar.

15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə birmənalı dəstəyi qiyamın qarşısını aldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.

Dövlət çevrilişinə cəhd edən qeyri – qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri, heç bir nəticə vermədi.

Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi ilə Azərbaycan dövlətinin müstəqilliyi qorundu və bu günkü böyük inkişafın təməli qoyuldu.