Astara Rayon Gənclər və İdman İdarəsinin və “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində yeniyetmə və gənclər arasında “Nizami Gəncəvi irsini öyrənirik” mövzusunda fərdi onlayn bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

Astarainfo.az  xəbər verir ki, onlayn bilik yarışının açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov bildirib ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək, koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi dövründə tədbirləri yeni formada həyata keçirmək, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar qüdrətli söz və fikir ustadı, insanları daima əxlaqi kamilliyə və yüksək mənəvı keyfiyyətlərə çağıran filosof şairin zəngin yaradıcılığının və mənəvi irsini gənclərə aşılamaq, gənclərin intellektual səviyyəsi və dünyagörüşünü yüksəltmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

“Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçılara məlumat verib.

Onlayn yarışda 15 nəfər yeniyetmə və gənc bilik və bacarığını sınayıb.

Bilik yarışında dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı və digər sahələrlə bağlı yarış iştirakçılarına 15 sual təqdim olunub. Yekunda ən çox bal toplayanlar fəxri yerlərə sahib olublar.

Onlayn bilik yarışında Qumru Əsədzadə birinci, İlahə Əsədullayeva ikinci, Cavid Hüseynli üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə xüsusi karantin rejimi qaydalarına əməl edilməklə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim ediləcək.