Astarainfo.az  xəbər verir ki,  Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışında II Qarabağ müharibəsi haqqında məlumat verərkən bu fikirləri bildirib:

– Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı;

– Münaqişənin həllində Türkiyənin böyük rolu vardı. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin;

– Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi.

Astarainfo.az