Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində qalib olmuş “OrdEng” tətbiqi – İngilis dili fənnindən buraxılış imtahanlarına hazırlıq və özünüyoxlama aplikasiyası” layihəsi icra olunaraq başa çatdırılıb.

Layihə rəhbəri Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Babək Rzazadə Astarainfo.az-a açıqlamasında bildirib ki, artıq aplikasiya həm “Android”, həm “İos” istifadəçiləri üçün istifadəyə hazırdır.

Layihənin məqsədi şagirdlərin buraxılış imtahanlarında ingilis dili fənnindən test işləmə, oxuyub-anlama, dinləyib-anlama üzrə hazırlığına dəstək olacaq resurs yaratmaq və ölkəmizdə distant təhsilə töhfə verməkdir.

Layihənin icrasına 15 sentyabr 2020-ci il tarixdən etibarən başlanılıb. Aplikasiya 6 ay müddətində hazırlanaraq başa çatdırılıb. Hazırda “Android” və “İos” platformalarından istifadə edən bütün smartfon istifadəçiləri üçün tətbiq əlçatımlı və ödənişsizdir. Sadəcə “OrdEng” açar sözünü daxil edərək bir klikdə aplikasiyanı endirmək və istifadə etmək mümkündür.

Tətbiqdə istifadəçilər İngilis dili fənnindən buraxılış imtahanlarına (9-cu və 11-ci siniflər) hazırlaşa, test vərdişlərini, oxuyub-anlama, dinləyib-anlama bacarıqlarını inkişaf etdirə bilirlər.

Layihə müddətində peşəkar səviyyədə 1050 açıq və qapalı test hazırlanmış, 75 oxuyub-anlama üzrə mətn (hər mətn üçün 8 sual – 4 açıq, 4 qapalı olmaqla), 75 dinləmə üzrə mətn (hər mətn üçün 6 sual – 3 açıq, 3 qapalı olmaqla) hazırlanmışdır. Buradakı testlər hər hansı bir test kitabında və yaxud vəsaitdə istifadə edilməmiş, tam orijinal testlərdir.

Sonra İT proqramçı tərəfindən həm “Android”, həm də “İos” platformaları üçün aplikasiya kodlaşdırılmış, aplikasiyanın vebdizaynı edilmiş, müvafiq test, mətn və səsləndirmələr tətbiqə yüklənilmiş və tətbiq sınaqdan keçirilmişdir. “OrdEng” tətbiqi şagirdlərin ingilis dili fənnindən dinləyib-anlama və oxuyub-anlama vərdişlərinə asan şəkildə yiyələnməsinə imkan yaradır.

Hazırda ölkənin istənilən bölgəsindən olan şagirdlər bu proqrama daxil olmaqla mətnləri dinləyib testləri həll edə və testin sonunda elə yerindəcə cavablarını yoxlaya bilirlər. Test işləməklə onlar öz xarici dil bacarıqlarını inkişaf etdirə, hər sınaq imtahanında öz nəticələrini yüksəltmək imkanı əldə edə bilərlər. Həmçinin şagirdlər bu tətbiqdən istifadə edərək İngilis dilində oxuyub-anlama və dinləyib-anlama bacarıqlarını artıra bilərlər.

Bu tətbiq müəllim, valideyn və şagirdlər üçün əlçatan, yığcam və uyğun bir aplikasiyadır. Şagirdlər repetitor yanına getmədən, heç bir müəllimə ehtiyac olmadan, müstəqil şəkildə öz bilik və bacarıqlarını artıra bilə və heç bir maliyyə xərcləmədən öz oxuyub-anlama və dinləyib-anlama bacarıqlarını inkişaf etdirə bilirlər.

Bu tətbiqdən təkcə buraxılış sinif şagirdləri yox, bütün yuxarı sinif şagirdləri və müəllimlər də istifadə edə bilər. Müəllimlər üçün də bu əlavə bir resursdur. Şagirdlər dinləmə və oxuma bacarıqlarından savayı danışıq səviyyələrində də inkişafa nail ola bilərlər

Astarainfo.az