Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan şəhid Pəncəli Teymurovun adı hər kəsə yaxşı tanışdır. Onu xüsusi təyinatlıların əfsanəsi də adlandırırlar. Elə bir qəhrəman idi ki, toy günündə hamı ona xoşbəxtlik diləyərkən, o, özünə Qarabağı azad etməyi və bu yolda şəhid olub üçrəngli bayrağımıza bükülərək dəfn edilməyi arzulayırdı. Pəncəli üç il sonra, ömrünün 35-ci baharında bu arzusuna çatır, Aprel döyüşlərində Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə yüksəlir.

Astarainfo.az  xəbər verir ki, Astarada Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurovun xatirəsinə ucaldılmış büstün açılış mərasimi olub.

1981-ci il martın 24-də Astaranın Əzərud kəndində dünyaya göz açan Pəncəli Nurməmməd oğlu Teymurov hələ uşaq yaşlarında, Qanlı Yanvar və Xocalı soyqırımını televiziya vasitəsilə izləyərkən, hərbiçi olub mənfur düşməndən qisas alacağına söz verir. 1999-cu ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılan Pəncəli bu sözünü tutmaq üçün elə həmin ildən həyatını hərb sənətinə bağlayır. Ağdamda xidmət edən Pəncəli qısa zamanda hərbi hissənin ən mahir kəşfiyyatçılarından biri olur. Əsgərliyini bitirdikdən sonra könüllü olaraq yeni yaradılan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-diversant taborunda xidmətə başlayır. Bir çox ölkələrdə hərbi təlimlərdə iştirak edir. Qardaş Türkiyədə xüsusi kəşfiyyat məktəbində təhsil alır. 17 il orduda Vətənə şərəflə xidmət edən Pəncəli Teymurov öz toyunda özünə arzuladığı arzu ilə hər kəsi təəccübləndirir.

Aprel döyüşlərinin qazisi Əliəhəd Mehdiyev deyir: “Pəncəli Teymurovu tanıyan, onunla xidmət edən bir yoldaş kimi deyə bilərəm ki, bizim üçün o, xüsusi təyinatların əfsanəsi idi. Pəncəli Vətənə, torpağa bağlı idi. Qardaşımızın öz toyunda özünə şəhidlik arzulaması onu göstərir ki, o, böyük vətənpərvər, igid, mərd, qorxmaz biri idi”.

Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən təxribat zamanı Tərtər istiqamətində döyüşə atılır, silahdaşları Murad Mirzəyev, Samid İmanov və Mühüd Orucovla birlikdə Talış yüksəkliyi uğrunda igidliklə vuruşur. Həmin istiqamətdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən Pəncəli aprelin 3-də öz arzusuna çataraq, bu döyüşlərdə qəhrəmancasına şəhid olur. Aprelin 11-də şəhidin nəşi doğulduğu kənddə dəfn edilir.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunur.

Əzərud kəndində dəfn edilən şəhid Pəncəli Teymurovun məzarı şəhadətinin beşinci ildönümündə ziyarət olunaraq, ruhuna dualar oxundu. Onunla birlikdə Aprel döyüşlərində qəhrəmanlıqla vuruşan qazilər cəsur gizirlə bağlı xatirələrini bölüşdülər.

Aprel döyüşlərinin qazisi Əliəhəd Mehdiyev bildirib ki, Pəncəli Teymurov, Raquf Orucov, Samid İmanov, Murad Mirzəyev, Mühüd Orucov, Ravil Novruzov kimi igidlər tarixdə qalacaqlar. Çünki bu insanlar xalq qəhrəmanlarıdırlar. Baxmayaraq ki, Aprel döyüşlərindən 5 il ötür, yenə də xalqın onlara böyük sevgisini görürük. Belə qəhrəman qardaşlarımızın məzarları hər zaman ziyarət olunur. Nə qədər bu xalq var, bizim qəhrəmanlarımız da yaşayacaq”.

Şəhid Pəncəli Teymurovun atası Nurməmməd Teymurov isə qeyd edib ki, Pəncəli kimi oğulların igidliyi sayəsində Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli və digər rayonlarımız işğaldan azad olundu. “Əsgərlərimizə, ordumuza və Ali Baş Komandana minnətdarlığımızı bildirirəm. Yaşasın Azərbaycan! Qarabağ bizimdir!”, – deyən şəhid atası oğlu ilə qürur duyduğunu vurğulayıb.

Daha sonra mərasim iştirakçıları şəhidin xatirəsinə əbədiləşdirilmiş ev-muzeyinin qarşısında büstünün açılışına qatılıblar. Açılış mərasimində Pəncəlinin ailə üzvləri, silahdaşları, Astara, Biləsuvar, Masallı, Cəlilabad və Lerikdən gələn təhsil işçiləri və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov haqqında xatirələrini dilə gətirib, onun qəhrəmanlığından söz açıblar. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Şəhid Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib: “Aprel şəhidləri 44 günlük Vətən müharibəsində qələbənin təməlini qoydular. Mən fəxr edirəm ki, Pəncəli kimi oğlum olub. Pəncəli kimi bir yox, bir neçə oğullarım olub. Onların hər biri ilə fəxr edirəm. Qürur duyuram. Sevinirəm ki, torpağımız düşməndən azad edildi. Bizim şəhidlərin qanı yerdə qalmadı”.

2016-cı ilin aprel ayında 4 günlük müharibədə əldə olunan zəfər Rəşadətli Ordumuzun qüdrətini və xalqımızın sarsılmaz iradəsini göstərdi. Ordumuz 4 günlük döyüşdə məhz qanları və canları ilə adlarını tarixə yazan Pəncəli kimi qəhrəmanlarımız sayəsində xalqımıza qələbə sevinci yaşatdı və sonrakı tarixi zəfərimizin əsas müjdəçisi oldu.