Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Dövlətimizin başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.

Qeyd edək ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürüb. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

Astarainfo.az dövlətimizin başçısı görüşdə çıxışından əsas tezisləri təqdim edir.

Şanlı Qələbə Azərbaycanın qüdrətinin göstəricisidir. Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq;

– Qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir;

– İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq;

– Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq;

– Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər.

Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır;

– Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər;

– Erməni vandalizmi insanlığa qarşı cinayətdir. Törədilmiş vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq.

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq;

– Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Bunun üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi;

– İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı;

– Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər,

o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.

Ulu Öndər Heydər Əliyev Dünya erməniliyinin əsas hədəfi olmuşdur.Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri hamı bilməlidir. Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı. 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir.

Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı.

Böyük fəlakətlərə səbəb olmuş siyasi xəyanətkarlıq. Müstəqilliyin ilk illərində baş vermiş cinayətləri unutmaq olmaz. Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır;

– Dövlətə və Azərbaycan xalqına qarşı törədilmiş xəyanətkarlıq. Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir;

– Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu. 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər;

– AXC-Müsavat cütlüyü şəxsi ambisiyalar naminə dövlətin maraqlarını satan siyasi qüvvələrdir. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyü hərbi çevriliş etmək istəmişdilər, xalq onları dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar.

Narıncı çadırlar gətirilmişdi. Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi;

– Bütün “narıncı inqilablar” xalqların və dövlətlərin tənəzzülü ilə bitmişdir.

Bu cür inqilabların nəticəsində ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır.

Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi həqiqətləri bilməliyik. 1918-1920-ci illərdəki müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik.