Təbiətin ən gözəl, hərarətli, ağacların ləçəkləndiyi, rəngbərəng çiçəkləndiyi, hər yan yamyaşıla büründüyü çağında sən dünyaya gəldin. Əzizlərinə göz aydınlığı verənlər, gəlişinə sevinib şadyanalıq edənlər çox oldu. Sadiq qoydular adını. Doğulduğun evdə sevildiyin kimi qohum-əqraba, qonum-qonşu da səni sevdi, əzizlədi. Bu sevgini hər kəsdə doğuran sənin gülərüzün, xoş siman oldu. Oxuduğun Ərçivan qəsəbə tam orta məktəbində təbəssümünlə səni təlim-tərbiyələndirənlərin könlünü oxşadın, məhəbbətini qazandın. Yaraşıqlı boy-buxunun kimi ruhun da pak idi, gözəl idi.

Sən Allahın imanlı qulu kimi oruc tutur, namaz qılır, ibadət edirdin. Sevilə-sevilə yaşa doldun. Bir gün sən də seviləcəkdin, hansısa bəxtəvərin könlünə girəcəkdin. Heyhat olmadı, nədən? Axı səni kainatı yaradan uca Allah sevirdi. Mövlan nə eylər, gözəl eylər. Səninçün də ən gözəli oldu.

2020-ci ilin mayın 22-də Qarabağı alacağam deyib, həqiqi hərbi xidmətə getdin. Sən Orduda xoş xəyallar qurarkən, ana Vətənimiz mənfur düşmənin xəyanətinə uğradı. İblisi susdurmaq üçün can Azərbaycan Ordusu peşəkar hərbiçiləri ilə ayağa qalxdı. Sənin kimi yüzlərlə vətənpərvər gənc dar gündə Vətənin dadına çatdı. Öz canı, qanı ilə Vətənin xilaskarı oldu.

Sadiq bala, sən Vətən yolunda,müqəddəs torpaq uğrunda sentyabrın 29-da şəhid oldun və Cənnəti qazandın.

İzdihamlı ehtiramla torpağa tapşırıldığın gün atan, anan, əzizlərin, sevənlərin fəryad edib, ağladılar, ah-nalə qoparıb, vay-şivən etdilər.

Unudulası olmayan dərdən bu gün də atan, anan qüssəlidir, dərdlidir. Qəm kədər içində üzülürlər. Axı sənin hər kəsə nəsib olmayan məqamın var: Cənnət. Bəs nədən onlar sarsıntılarla yaşayırlar?!

Allahın sevimli qulu, qədim Qəzəndaş türbəsində  rənbərəng çiçəklərlə bəzədilmiş məzarının başındayam. Hər yan sükuta dalıb, qara mərmərə həkk olunmuş şəklinə baxıram. Sanki baxışlarından oxunur: “Mənə heyf deyib, çox da ağlamayın, sızlamayın”

Haqlısan Sadiq bala, Vətən uğrunda şəhid olanlar ölməzdir, ruhun şad olsun!

Gülnar Əsədli