Astara rayonunda arıçılığın inkişaf etdirilməsinə diqqət artırılıb. Ötən il rayonda arıçılıqla məşğul olan təsərrüfatların sayı 1322, arı ailələrinin sayı isə 22 min 750-yə çatdırılıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  məlumat verilib.

Bildirilib ki, rayonda arı ailələrinin 55-i kənd təsərrüfat müəssisələrinin, 22695-i isə ailə kəndli təsərrüfatlarının payına düşür. Ötən illə müqayisədə rayonda 3047 arı ailəsi artıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilməsi arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı, kənd yerlərində məşğulluğun təmin olunması və əhalinin gəlirlərinin artımı baxımından da mühüm əhəmiyyət kəsb edir.