Dövlət İmtahan Mərkəzi aprelin 16-da Astara rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

Astarainfo.az xəbər verir ki, imtahanların keçirilməsi üçün Astara rayonunda 4 imtahan mərkəzi ayrılıb. Buraxılış imtahanlarında 793 şagird, 11 imtahan rəhbəri, 75 nəzarətçi-müəllim iştirak edib.

COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb.

İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər.

Astara şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda 1 şagird iştirak etməyib.

Buraxılış imtahanları mövcud təlimata və xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.