Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsaslar – Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.

Zəngəzur dəhlizi ideyasının tarixi – Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandı. Azərbaycan məqsədinə indi çatdı”. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.

Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir – Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti – Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar.

Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

Zəngəzur dəhlizinin açılması milli hədəfdir – Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. O, öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Prezident İlham Əliyev hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışda bildirirdi ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Prezident İlham Əliyevin son çıxışları bəzi dairələrdə sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməkdədir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?”

Tarixi torpaqlara qayıdış strateji planlaşdırma ilə həyata keçirilir – Tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi” də açıqlanır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq. Bu, ölkədaxili siyasi opponentlərə də verilmiş ciddi mesajdır – qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir. Bunun üçün milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir.