30 may 2017-ci il tarixdə Astara rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransı keçirilmişdir.
Konfransa partiyanın ilk təşkilatlarından 270 nəfər nümayəndə dəvət olunmuşdu. Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə, Milli Məclisin üzvləri Rəşad Mahmudov, Mirkazım Kazımlı və rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda iştirak etmişlər. İştirakçılar əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.
Konfransda YAP-ın yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Astara rayon  təşkilatının sədri Firudin Əhmədovun partiyanın rayon təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini,  YAP rayon Qadınlar Şurasının sədri Yasəmən Rəsulova,  YAP rayon Gənclər Təşkilatının sədri Tural Eyvazov, RTŞ-nin müdiri Qızbəs Məmmədova və başqaları konfransda çıxış etmişlər.
Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə, Milli Məclisin üzvləri Rəşad Mahmudov, Mirkazım Kazımlı konfransda çıxış edərək Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyalarının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha geniş və uğurla davam etdiyini nəzərə çatdırmışlar.
Konfransda təşkilati məsələyə baxılmış, YAP rayon təşkilatının Siyasi Şurası və idarə heyətinin yeni tərkibi seçilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının RİHB-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Firudin Əhmədov YAP rayon təşkilatının sədri seçilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Qəzənfər Ağayev konfransda çıxış edərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu, yeganə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmışdır.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, torpaqlarımız düşmən tərəfindən işğal edilərək soydaşlarımız doğma yerlərindən didərgin düşmüşdü. Respublikada xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Bu idarəolunmaz vəziyyətdə hamı həqiqi liderin intizarında idi. Xalq yeganə ümidini dünya şöhrətli siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyevə bağlamışdı. Azərbaycan xalqı Naxçıvan Muxtar Respubilikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevə çoxsaylı müraciətlər edərək gənc, müstəqil Respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün rəhbərliyə dəvət etdi.
Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etmək, xalqı mövcud fəlakətdən qurtarmaq üçün müraciətləri müsbət cavablandıraraq yeni siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası 6 aydan sonra siyasi hakimiyyətə gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. Bu Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri idi.
Yeni Azərbaycan Partiyası Ulu Öndərin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir. Artıq 25 ildir ki, Qafqaz regionunun ən güclü və demokratik siyasi qüvvəsi olan, xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır.   Ulu Öndərin dediyi kimi “Yeni Azərbaycan Partiyası dünәnin, bu günün, sabahın partiyasıdır”. Biz Azərbaycanımızın bu günkü yüksək inkişafı və tərəqqisinə, aparıcı dünya ölkələri arasında hörmətlə qəbul edilməsinə görə Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə, uzaqgörənıliyinə minnətdar olmalıyıq. O, öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan böyük şəxsiyyətdir. Heydər Əliyev həm partiya, həm də dövlət rəhbəri kimi xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən siyasi məktəb yadigar qoyubdur.
Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Sıralarında 800 minə yaxın sağlam fikirli insanı birləşdirən Yeni Azərbaycan Partiyası nüfuzlu və güclü bir siyasi qüvvə kimi Azərbaycanın siyasi həyatında mühüm yer tutur. Fəaliyyətini uğurla davam etdirən, xalqın inamını və ümidlərini ləyaqətlə doğruldan partiyanın hakimliyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərrəqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Müstəqillik tariximizdən qısa bir vaxt keçməsinə baxmayaraq, Azərbaycan inkişaf etmiş dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrilmişdir. Hər bir sahədə güclü inkişaf və tərəqqi var. Dünyanın əksər dövlətlərində qarşıdurmalar, sosial-siyasi sıxıntılar, maliyyə böhranı yaşandığı halda  Azərbaycanda yeni-yeni ölkə və beynəlxalq əhəmiyyətıi layihələrin icrası ardıcıl olaraq həyata keçirilir.  Bir neçə gün bundan öncə Azərbaycan daha bir mötəbər idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək ümumilikdə 162 medal qazanaraq iştirakçı ölkələr arasında qızıl medalların sayına görə  birinci oldular. Bu əlbəttə hər birimiz üçün qürurverici bir hadisədir.
Ölkəmizin yüksək inkişafını rayonumuzun timsalında da aydın görə bilərik. Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyev Respublikaya rəhbərliyi dövründə Astaraya 7 dəfə səfər edərək, bir sıra mühüm obyektlərin açılışında iştirak etmiş, rayonun sosial-iqtisadi məsələlərinin həlli üçün çox önəmli Sərəncamlar imzalamışdır. Bu qayğı və diqqətin nəticəsidir ki, Astara rayonu Respublikanın ən gözəl guşələrindən birinə çevrilmişdir.
Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır. Əlbəttə, bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının rolu əvəzsizdir. İnanırıq ki, sevimli Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı bundan sonra da tarixinin ən şanlı səhifələrini yazacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni seçilmiş heyətinə fəaliyyətləri dövründə uğurlar, müvəffəqiyyətlər arzulamışdır.