17 iyun 2017-ci il tarixdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayon ağsaqqalları ilə görüşü olmuşdur.
RİH-nin başçısı ağsaqqalları salamlayaraq, dəvəti qəbul edib görüşə gəldiklərinə görə minnətdarlıq etmişdir. Qeyd etmişdir ki, Astara rayonuna İcra başçısı təyin olunarkən ilk görüşdüyüm kollektiv rayonun ağsaqqalları olmuş, sizin xeyir-duanız ilə işə başlamışam. Bu müddət ərzində Azərbaycan dövləti  yüksək inkişaf etdiyi kimi ayrı-ayrı bölgələri, o cümlədən Astara rayonu da görülən tikinti-quruculuq işləri sayəsində simasını xeyli dəyişmiş, abad bir məkana çevrilmişdir. Rayonumuzun gələcəkdə daha da inkişaf edib respublikamızın ən  səliqəli guşələrindən birinə çevrilməsi üçün əlimizdən gələni etməliyik. Bu işdə bütün rayon sakinləri birgə əmək sərf etməlidir. Sizinlə ayrı-ayrı tədbirlərdə müntəzəm görüşdüyümüzə baxmayaraq ayrılıqda görüşüb arzu, istəklərinizi, təkliflərinizi dinləmək məqsədilə bu gün bir araya gəlmişik. Buyurun sizi dinləyirəm.
Tədbirdə  rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Astara şəhər sakini Həbib Rəsulov, Ərçivan qəsəbə sakini Xanlar Əliyev, Motlayataq kənd sakini Ramiz Gənciyev, Kijəbə qəsəbə sakini Kamil Kamilov, Maşxan kənd sakini  Qadir Məmmədov və başqaları çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin dünyada tanınması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən, eyni zamanda gənc, müstəqil respublikamızı yüksək inkişaf yoluna çıxarmasından məmnun olduqlarını bildirmiş, bundan qürur duyduqlarını söyləmişlər. Qeyd olunmuşdur ki, Qəzənfər Ağayevin rayona rəhbərliyi dövründə şəhər, qəsəbə və kəndlərdə çoxsaylı tikinti-quruculuq, abadlıq işləri görülmüş, Astara Boks Mərkəzi inşa edilmiş, rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, şəhərdə ilk çoxmərtəbəli ictimai yaşayış binası tikilmiş, “Astaraçay” MMC-nin çay fabriki, onlarla məktəb binası, tibb müəssisəsi, inzibati binalar tikilmiş, çoxmənzilli ictimai yaşayış binaları əsaslı təmir edilərək istifadəyə veriilmiş, on kilometrlərlə avtomobil yolu asfaltlaşdırılmış, körpülər salınmış, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində digər tədbirlər həyata keçirilmişdir.
İyun ayının 8-də möhtərəm Prezidentimizin Astara şəhərində dənizkənarı park-bulvarın genişləndirilməsi ilə əlaqədar imzaladığı Sərəncamı ölkə başçısının Astara rayonuna, bütün astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutu kimi dəyərləndirən görüş iştirakçıları bütün bunlara görə rayon ictimaiyyəti adından möhtərəm cənab Prezident İlham Əliyevə və onun tapşırıqlarını yüksək bacarıq və məsuliyyətlə yerinə yetirən icra başçısı Qəzənfər Ağayevə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bütün bu inkişaf və tərəqqinin təminatçısının ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident möhtərəm cənab İlham Əliyev olduğunu diqqətə çatdıraraq bu işlərdə hər zaman  ölkə rəhbərinə dəstək olmağın, birlik nümayiş etdirməyin vacibliyini bildirmişdir. Qeyd etmişdir ki, dünyanın əksər ölkələrində iqtisadi və siyasi böhran yaşandılğı halda, respublikamızda iqtisadiyyatın inkişafı, irimiqyaslı ölkədaxili və beynəlxalq layihələrin icrası, əhalinin sosial rifahının təmin edilməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.  Bütün bunlar ölkəmizin böyük iqtisadi gücə malik olduğunu göstərir.
Cənab Prezident tərəfindən Astara rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar təkcə son beş ildə 8 Sərəncam imzalanmışdır. Bu Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılmışdır. Astara şəhərində Heydər Əliyev Parkı, prospekt və küçələr yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilmiş, çoxmərtəbəli ictimai yaşayış binaların dam örtükləri dəyişdirilmiş, fasad və blokları təmir edilmiş, rayon Mərkəzi xəstəxanası əsaslı təmir edilərək ən müasir inventar və avadanlıqlarla təchiz edilmişdir. İnsanların asudə vaxtını keçirməsi, mənalı istirahəti üçün Xəzər dənizi sahilində ən müasir dizaynda Park-bulvar kompleksi salınmış, hazırda genişləndirilməsi davam etdirilir. Şəhərə içməli suyun çəkilişi də tədricən həyata keçirilir.
Ərçivan kəndinə qəsəbə adı verilmiş, burada Boks Mərkəzi inşa edilmişdir. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə, Deqədi-Pəlikəş yolu asfaltlaşdırılmış, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun yenidən qurulması davam etdirilir.
Rayon ərazisində ümumilikdə 100 km-dən çox avtomobil yolu, o cümlədən, Astara şəhərində, Ərçivan qəsəbəsi, Səncərədi, Şiyəkəran, Çayoba, Rudəkənar, Seləkəran, Kolatan, Siyaku, Vaqo, Şağlazüzə, Təngərüd, Ojakəran, Burzubənd və Şahağac kəndlərində yollar asfaltlaşdırılmışdır. Şiyəkəran, Şəmətük, Siyaku və Pəlikəş kəndlərində 8 avtomobil körpüsü salınmışdır.
40-dan çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, Kijəbə qəsəbə və Pensər kənd sahə xəstəxanaları əsaslı təmir edilmiş, Pəlikəş sahə xəstəxanası üçün yeni bina inşa edilmişdir.
Rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılmış, bu da 77,2 % təşkil edir.
Dövlət başçımızın diqqət və qayğısının nəticəsidir ki, bu gün rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir, insanların rahat yaşayışının təmin edilməsi üçün sosial infrastrukturlar qurulur.
Əvvəllər işsizlik, işıq, təbii qaz problemi, yolların vəziyyəti və digər problemlərlə şikayətə gələn sakinlər hazırda yalnız xırda şəxsi məsələlərin həlli üçün müraciət edirlər. Çünki əhalinin məşğulluğunun təmin edilməsinə diqqət artırılmış, görülən tikinti-quruculuq işləri, aqrar sahənin inkişafı ilə əlaqədar rayonda yüzlərlə iş yeri açılmış, əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təminatı həllini tapmışdır.
RİH başçısı 08 iyun 2017-ci il tarixdə ölkə başçısının Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamın Astara və astaralılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusilə qeyd edərək rayon sakinləri adından cənab Prezidentə bir daha dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
İcra başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Astara rayonunda ənənəvi kənd təsərrüfatı sahələri olan çayçılığın, çəltikçiliyin, sitrusçuluğun, tərəvəzçiliyin inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər artıq bəhrəsini verir.
Əkinə yararlı torpaq sahələrinin dövriyyəyə qaytarılmasına diqqət artırılmış, bu il rayonda ümumilikdə 2200 ha sahədə əkin aparılmışdır. Son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən rentabelli sahələrindən biri olan çəltik əkini aparılan maarifləndirmə izahat işləri və göstərilən dəstək sayəsində 450 hektara çatdırılmışdır. Gələcəkdə çəltik əkininin 1000 hektara çatdırılması üçün tədbirlər həyata keçirilir.
Sitrusçuluq və çayçılığın inkişafı da daim diqqətdə saxlanmaqla, yeni sitrus bağları və çay plantasiyaları salınmış, Çayoba kəndində yeni çay emalı fabriki tikilmişdir.
Bundan əlavə əvvəllər mövcud olmuş, ancaq sonralar tamamilə unudulan baramaçılığın inkişafı da qarşıda duran vəzifələrdəndir. Bunun üçün ilkin olaraq xaricdən 18 min ədəd tut tingi gətirilərək rayonun ayrı-ayrı yaşayış məntəqələrində əkilmişdir.
İcra başçısı əvvəllər kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində yüksək nailiyyətlər qazanmış, bu sahədə zəngin təcrübəsi olan şəxslər kimi yaşlı nəslin nümayəndələrinin dəyərli məsləhətlərinə həmişə ehtiyac olduğunu  diqqətə çatdırmışdır.
Dənizkənarı park-bulvarın salınması, gözəl və saf təbiətə malik dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayonumuzda turizmin inkişafı üçün real şərait yaranmışdır. Turizm sahəsinə investisiya qoymaq istəyən hər bir vətəndaşa mümkün olan bütün köməkliklər göstəriləcəkdir.
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan İcra başçısı qeyd etmişdir ki, bizim borcumuz ölkə rəhbərinin ətrafında sıx birləşərək doğma Vətənimizin daha da inkişaf edərək çiçəklənməsinə öz xidmətimizi göstərməkdən ibarətdir. Bu yolda hamınıza uğurlar arzu edirəm.