Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bir neçə gün əvvəl görüş keçirdiyi Siyaku ərazi nümayəndəliyinin ucqar dağ kəndi olan Miki kəndindən sonra mayın 4-də Siyakeş kəndinin sakinləri ilə də görüşmüşdür.
Siyakeş kəndində 95 təsərrüfatda 510 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və heyvandarlıqdır. İcra başçısı kənd  sakinlərini salamlayaraq onlarla bir neçə dəfə nümayəndəliyin bir sıra kəndlərində səyyar qəbul və görüş keçirdiyini bildirmiş, verilən təkliflər və qaldırılan problemlərin həlli istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır. Hazırda yaz əkinin keçirildiyi bir vaxtda əhali ilə  görüşərək arzu və təkliflərini, narahatlıq doğuran məsələləri dinləyərək həllinə köməklik etmək məqsədi ilə gəldiyini  bildirmişdir.
Kənd ağsaqqalı Hacıkişi Fətəliyev çıxış edərək böyük kəndlərlə yanaşı ən ucqar ərazidə yerləşən və əhalisi az olan yaşayış məntəqələrinin sakinləri ilə mütəmadi görüşə gəldiyinə görə icra başçısına sakinlər adından təşəkkür və minnətdarlığını ifadə etmiş,  ölkə Prezidentinin diqqət və qayğısı ilə Respublikanın digər rayonları kimi Astara rayonunun, o cümlədən, ucqar dağ kəndi olan Siyakeş kəndinin də ən abad bir məkana çevrildiyini bildirmişdir. Yerli iş adamı tərəfindən kənddə 4,5 ha ərazidə  salınmış yeni sitrus bağında xeyli adamın işlə təmin olunduğunu qeyd edərək sahibkarlar üçün yaradılan əlverşli şəraitdən razılıqla danışmışdır.  Kəndə asfalt yolun, təbii qaz xəttinin çəkilişinin, yeni məktəb binasının tikintisinin, fasiləsiz elektrik enerjisi ilə təminatın əhali üçün çox böyük və qiymətli hədiyyə olduğunu bildirərək bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə minlərlə kənd sakini adından hədsiz məhəbbət və ehtiramlarını çatdırmışdır.
Kənd sakini Mirzağa Fətəliyev, İmamməddin Fətəliyev, Müqəddəs Şahmuradov və başqaları da çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkədə və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən məhəbbətlə söhbət açmışlar.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək bu görüşdən məmnun olduğunu, əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllini tapdığı üçün artıq heç bir problemdən söhbət açılmadığının ürəkaçan olduğunu bildirmişdir. Son dövrdə ölkənin hər yerində olduğu kimi rayonumuzda və hətta ən ucqar yaşayış məntəqələrində də quruculuq-abadlıq işləri geniş vüsət almışdır. Əhalinin rifahının yaxşılaşmasına xidmət edən bu cür tədbirlər gələcəkdə daha geniş miqyasda davam edəcəkdir.
Ölkəmiz dünyada siyasi sabitliyi, yüksək iqtisadi göstəriciləri ilə tanınır. Mühüm beynəlxalq tədbirlərin Respublikamızda keçirilməsi müstəqil dövlətimizin dünya ölkələri arasında xüsusi yeri olduğunu bir daha sübut edir. Bütün bu uğurların  ilk növbədə Ulu Öndərimizin siyasi varisi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin ürəkaçan bəhrələri olduğunu qeyd edən icra başçısı, görüş iştirakçılarının diqqətini yaxın günlərdə Bakı şəhərində keçiriləcək daha bir beynəlxalq tədbirə, IV İslam Həmrəyliyi Oyunlarına yönəltmişdir.
İcra başçısı kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə diqqətin artırılmasının vacibliyindən söhbət açmışdır. Bildirmişdir ki, torpağa qayıdış, torpaqıardan səmərəli istifadə etmək ölkədə ərzaq bolluğunun yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və insanların güzəranının yaxşılaşdırılması deməkdir.
Bütün qüvvələri səfərbərliyə almaqla istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyəsinə qaytarılmasının vacibliyini xüsusi vurğulayan icra başçısı qeyd etmişdir ki, bu işdə fermer və sahibkarlarla yanaşı, hər bir kənd sakini təşəbbüskarlıq göstərməlidir.  Rayonumuzun torpaqları münbit və bərəkətli olduğuna görə hər qarışının əkilməsinə çalışmalıyıq. Əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməli, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna sanballı töhfələrimizi verməliyik.
Kənd sakinləri ilə görüşdən sonra İcra başçısı Qəzənfər Ağayev rayonun bir neçə təsərrüfat sahələrində olmuş, müxtəlif əkin aparan təsərrüfat rəhbərləri ilə görüşərək işlərin gedişi ilə maraqlanmışdır.