Bərdə Olimpiya İdman Kompleksində keçirilən 12-13 yaşlı futbolçular arasında “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin zona yarışında Astara komandası A qrupunda Gəncə, Yevlax və Ağcabədi komandalarını məğlub edərək finala vəsiqə qazanmışdır.
Qax rayonunda keçirilən ölkə birinciliyinin final yarışında 2 qrup üzrə gərgin mübarizə aparılmışdır. A qrupunda mübarizə aparan Astara rayonunun komandası Bərdə, İsmayıllı, Şirvan rayonlarının komandalarına qalib gələrək yarımfinalda Şabran komandası ilə qarşılaşmışdır. Bu görüşdə də komandamız 1-0 hesabı ilə rəqiblərini üstələmiş və əzmkar mübarizəni finalda davam etdirmişdir.
Beləliklə, final mərhələsində Oğuz komandasına 2-0 hesabı ilə qalib gələn yeniyetmə futbolçularımız birinciliyi qol buraxmadan möhtəşəm çempionluqla başa çatdırmışlar. .
Qeyd edək ki, futbolçularımızı yarışa məşqçi-müəllimlər Etibar Axundov və Qəhrəman Mirzəyev hazırlamışlar.
12-13 yaşlı futbolçular arasında “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin zona və final mərhələsində qalib gələrək birinci yeri qazanmış Astara komandasının futbolçuları və məşqçi heyəti ilə Park Bulvar Kompleksinin “Təndir” kafesində görüş keçirilmişdir. Görüşdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon icra hakimiyyətinin məsul işçisi Elşad Axundov, Uşaq Gənclər İdman Məktəbinin direktoru Cəbrayıl Məmmədov çempionlarımıza ən xoş arzularını çatdırmış, onları təbrik etmişlər. E.Axundov rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin salamlarını və təbrikini idmançılara çatdırmışdır.
Daha sonra yeniyetmə futbolçularımız Gənclər və İdman İdarəsinin kubok, diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
İdmançıları yarışa texniki-taktiki cəhətdən yüksək səviyyədə hazırlayan məşqçilər Etibar Axundov və Qəhrəman Mirzəyev Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
Sonda xatirə şəkli çəkilmişdir.
Elnur Qurbanlı
Astara RGİİ-nin baş məsləhətçisi