Astarainfo.az xəbərn verir ki, bu günlərdə şəhər 1 saylı tam orta məktəbində BDU – nun məzunu, Şüvi kənd, şəhər 3, 5 saylı, daha çox isə şəhər 1 saylının tarix müəllimi işləmiş, 1998-ci ildə respublikada keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, həmin ildə Azərbaycan Müəllimlərinin Qurultayının iştirakçısı, Respublika Təhsil şurasının üzvü, 5 kitab müəllifi, mərhum şair – publisist İqbal Astaralının  60 illik yubileyinə həsr olunmuş “Unutmayaq ki, unudulmayaq” adlı xatirə gecəsi keçirilmişdir. Xatirə gecəsinin hazırlanıb keçirilməsində Zümrüd Hüseynova, məktəbin məzunu Elvin Qafarlı, məktəbin təşkilatçısı Əsmər Əliyeva, uşaq birliyi təşkilatının rəhbəri İlhamə Heydərova fəallıq göstərmişlər.

Dünyasını dəyişmiş müəllimlərinin, eyni zamanda,  mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir İqbal Astaralının “Müəllim” şeirinə Raminə Əliyevanın bəstələdiyi lirik, həzin mahnı ilə başlayıb. Mahnını Gülnar Məmmədovanın rəhbərlik etdiyi VIIa sinfinin xor qrupu, solonu  isə festival qalibi Fatimə Həmidzadə  ifa edib.

Şairin əsgərlik illərində anasına ünvanladığı məktub oxunduqdan sonra IIIa sinif şagirdi Zəhra Həmidzadə onun “Mənim anam” şeirini söyləyib. Məktəbin direktoru Xədicə  Əliyeva çıxış edərək  gələn qonaqları salamlayıb, İqbal müəllim haqqında əldə etdiyi məlumatlara əsaslanaraq ürək sözlərini bildirib, onun həyat yoldaşı Gülarə xanıma baş sağlığı verib.

Tədbirdə İqbal Astaralının şeirlərindən nümunələr səsləndirilib. Qardaşı qızı Şəhla Abdullayeva, qohumu gənc yazar Xəyalə Quluzadə, şairin sinif yoldaşları Afət Sadıxova, Azadə Baxşıyeva şair haqqında öz  ürək sözlərini ifadə ediblər.

Tədbirdə  Lətifə Sadıxova, Səxavət Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sakitə Ülvi, Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseynov,  LDU-nun müəllimi, “Söz” jurnalının redaktor müavini şair Ağamir Cavad İqbal Astaralı haqqında  xatirələrini bölüşüblər.

Heybət Hüseynov, Seyran Babayev, Adil Rzayev, Südabə İbrahimova, Kübra Səmədova, Suğra Nəsirova çıxışlarında İqbal müəllimi böyük hörmət və sevgi ilə yad ediblər.   Sevimli nəvəsi, 9 yaşlı Şəms ona həsr olunmuş şeirlə tədbirə xoş ovqat qatıb.

Tədbirin sonunda  İqbal Astaralının ömür gün yoldaşı Gülarə xanım, oğlu Famil gecənin təşkil olunmasında zəhməti keçmiş hər kəsə dərin minnətdarlığını bildirərək atasının sözləri ilə çıxışını tamamladı.

Ə.Əliyeva

Şəhər 1 saylı orta məktəb