Xalqımıza qələbə sevincini yaşadan aprel zəfərindən bir il ötür. Aprel döyüşləri Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində böyük zəfərin başlanğıcı oldu. Bu qələbə xalqın öz sərkərdəsinə və ordusuna olan inamını daha da gücləndirdi. Silahlı Qüvvələrimizin şanlı zabit və əsgərləri indi öz mövqelərində möhkəm durur, erməni təxribat və hücumlarının qarşısını layiqincə alırlar. Ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmuş ordumuz uzun illər düşmən tapdağında qalan torpaqlarımızı geri qaytarmağa hər an hazırdır. Buna sübut kimi son dövrdə və xüsusilə ötən ilin 2-5 aprelində baş vermiş döyüşləri göstərmək olar. Həmin tarixdə həyata keçirilən əməliyyatlar zamanı strateji yüksəkliklərin olduğu on minlərlə hektar torpaq Azərbaycan ordusunun nəzarəti altına keçərək böyük taktiki üstünlük əldə olunmuşdur. Bu döyüşlərdə ermənilərin xeyli hərbi texnikası və yüzlərlə canlı qüvvəsi məhv edilmişdir. Əfsuslar olsun ki, Azerbaycan ordusunun da həmin əməliyyatda itkiləri, şəhidləri oldu. Aprel zəfəri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Çoxdandır ki, bu zəfəri gözləyirdik. Hava, su qədər bu zəfəri duymağa ehtiyacımız var idi. Bəlkə yaralarımızı sağaltmazdı, bizdən alınan canları geri verməzdi. Amma bizə öz gücümüzü, inamımızı, birliyimizi və məğlubedilməz olduğumuzu bir daha sübut etdi. Aprel zəfəri şəhidliyin ən uca zirvəsi və şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ilk qalibiyyəti oldu. Bu zəfər haqqın, ədalətin təntənəsi idi.
Bu yazıda haqqında bəhs edəcəyimiz xalqımızın cəsur övladlarından biri olan Pəncəli Teymurov da bu uca zirvənin əbədi sakinlərindən biridir.
Pəncəli Nurməmməd oğlu Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun ucqar dağlıq kəndi olan Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Asxanakəran kənd tam orta məktəbində təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib. Ömrünün mənasını Vətənə xidmətdə görərək mehrini bu çətin, mürəkkəb peşəyə salıb. Vətən eşqi, Vətən məhəbbəti, torpaq, yurd sevgisi onu hərbiçi peşəsinə bağlayıb.
Pəncəli dəfələrlə ölkəmizdə və Türkiyədə sınaq təlimlərində sınanılaraq xüsusi təyinatlı kəşfiyyat alayının gizirliyinə qəbul edilmişdi. Ən çətin hərbi tapşırıqları məharətlə, böyük ustalıqla icra edirdi. O, heç nədən qorxmaz və düşmənin ən qaynar nöqtələrində kəşfiyyat işləri aparardı. Pəncəlinin bacarığı, yüksək fiziki hazırlığı qorxmazlığı və cəsurluğu dostlarını heyran etmişdi. Bu məziyyətlərinə görə hərbiçi yoldaşları ona “Qurd Pəncəli” deyirdilər.
Pəncəli 2013-cü ilin avqust ayında doğma xalası qızı Elvira xanımla ailə həyatı qurdu. Bu xoşbəxt cütlüyün xoş, səadətli günlərinə isə məlum aprel döyüşləri zamanı Pəncəlinin şəhidliyi ilə son qoyuldu!…
Yüksək bacarıq və peşəkarlığı, şəxsi igidliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən 2015-ci ilin 24 iyununda ölkə Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunan Pəncəli Teymurov sanki igidliyini bütün Azərbaycana nümayiş etdirmək üçün aprel döyüşlərində hərbiçi yoldaşları ilə birlikdə düşməni xeyli itkiyə məruz qoyaraq qəhrəmanlıqla həlak oldu. İçində müqəddəs bir sevgi saxlayan, torpaqlarımızın azadlığına təşnə olan Pəncəli və silahdaşları mənfur, qaniçən düşmənlərdən bacardığı qədər çox məhv etməyə çalışırdılar. Müəyyən mənada istəklərinə nail oldular bu qəhrəman oğullar. Vətənin min kilometrlərlə ərazini mənfur düşməndən azad edərək zəfərin ilk sevincini bizə yaşadandan sonra azad etdikləri müqəddəs torpaq üzərində axan al qanları qızıl laləyə döndü. Ən böyük təsəllimiz də şəhid olan Vətən oğullarının qanının azad etdikləri torpağın üstündə axması oldu. İndi həmin torpaqlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı kəndi timsalında yurd yerlərimiz bərpa olunur.
Düz bir il əvvəl kiçik Əzərüd kəndi böyük bir qəhrəmanı qarşıladığı zaman yaşanan izdiham 2017-ci ilin 11 aprelində Pəncəlinin ata ocağında yenidən yaşanırdı. Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev başda olmaqla rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, geniş ictimaiyyət Əzərüd kəndində Pəncəli Teymurovun il mərasiminə yığışmışdılar. Şəhidin valideynləri Nurməmməd kişiylə Vahimə ananın çöhrəsində kədərqarışıq bir qürur hissi, məğrurluq da var idi. Bu məğrurluğu isə yalnız Pəncəlinin öz toy mərasimindəki Vətən andı ilə izah etmək olardı…
Hər bir insanın həyata keçirmək istədiyi yüzlərlə arzusu olur. Kimi rahat həyat, bahalı maşın, komfortlu evlər arzulayarkən Pəncəlinin bircə arzusu var idi: “Hər zaman xalqım üçün, Vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, Vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”. Saf, fədakar bir Azərbaycan gəncinin bu müqəddəs arzusu, Vətən andı onun il mərasimində bir daha xatırlanaraq, qəhrəman şəhidlərimizin əziz xatirəsi Pəncəlinin simasında doğma kəndində yad edildi.
Astara şəhərində Pəncəli Teymurovun adının əbədiləşdirildiyi bir küçə vardır. Bu küçədən keçən sakinlər qəhrəman eloğluları ilə fəxr edir, məktəblilər, gənclər onun kimi Vətən aşiqi, mərd, mübariz, vətənpərvər olacağına inanırlar. Hərbi xidmətə yola düşən gənclərimiz ilk öncə Pəncəlinin məzarına baş çəkməyi özlərinə borc bilir, Vətənə sədaqətlə xidmət edəcəklərinə and içirlər. Pəncəli artıq Azərbaycan gəncliyinin əsl örnəyidir. Vətən, torpaq, yurd sevgisi onun damarlarında axırdı. Pəncəli Teymurov və onun simasında ölümü ilə ölümsüzlüyə qovuşan bütün şəhidlərimiz Azərbaycan xalqının qəhrəmanlıq, vətənpərvərlik, əyilməzlik, mərdlik ünvanıdır. Bu ünvanda yaşamaq və adını əbədi tarixə yazdırmaq isə hər bir insana qismət olmur.
Fəridə SöhrabqIzI