Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən Bakıda start verilmiş IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti” Naxçıvandan sonra aprelin 9-da Astarada davam etmişdir. Rayonumuzun bu mötəbər idman tədbiri üçün seçilməsi heç də təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın cənub mirvarisi” adlandırdığı Astaradan təbiət öz gözəlliyini, nemətlərini əsirgəməyib, bərəkət boğçasını bütünlüklə onun üzünə açıb.
Xəzər dənizinə açılan rayonun şərq hissəsində çimərliklər, qərbində yerləşən meşələr, bulaqlar və onun subtropik iqlimi Astaranı bütün il boyu cəlbedici məkana çevirib.
Astaranın Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşən “Yanar bulaq” qeyri-adiliyi ilə diqqəti cəlb edir. “Yanar bulaq” iki elementi – od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suya odu yaxınlaşdırdıqda su məşəl kimi alovlanır. Bu suyun həm də müalicəvi əhəmiyyəti var. Astara rayonunun turizm marşrutuna daxil edilən və yerli əhəmiyyətli tarixi abidə kimi qorunan “Yanar bulağ”a qonaqlar və turistlər də böyük maraq göstərirlər.
Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verildi.
Sərbəst güləş üzrə Dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da səhəngi su ilə doldurub Astara şəhərindəki park-bulvar kompleksində keçiriləcək “Su festivalı”na yola düşdülər.
Proqrama uyğun olaraq Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevinci arzuladılar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edərək idmanın müxtəlif növləri üzrə qüvvələrini sınadılar.
Qaliblərə Əməliyyat Komitəsi tərəfindən kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet təqdim olunmuşdur.
Axşam saatlarında Astara şəhərinin Xəzər dənizi sahilində yerləşən park-bulvar kompleksində “Su festivalı” keçirilmişdir. Festivalda Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin Deputatı Rəşad Mahmudov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatlarının kolektivləri, qeyri-hökumət təşkilatların nümayəndələri və rayon ictimaiyyəti ilə yanaşı qonşu rayonların sakinləri, turistlər də iştirak edirdilər.
Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilmişdir.
Qeyd edildi ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə Bakıda start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.
Festivalda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Astara mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilmiş, Xəzər dənizindən götürülmüş suyun Astara şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınmışdır.
Sonra su səhəngini daşıyan astaralı idmançılar alqış sədaları altında səhnəyə dəvət olunmuşlar.
Tədbirdə, həmçinin aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Astara məktəblisinə təhvil verməsi görüntüləri də nümayiş etdirilmişdir.
“Mirvari” rəqs qrupunun, “Əvəsor” folklor kollektivinin və Rövşən Cabbarovun ifaları iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
”Su festivalı” möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatmışdır.