Tarixi hadisələr göstərdi ki, Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, milli mənəvi dəyərlərə bağlılığın, kütləvi şüurun formalaşmasının qərinədən artıq bir dövrü dünya siyasətinin parlaq simalarından olan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan, 70-ci illərdən etibarən milli təfəkkürün oyadılması üçün vətəndaşlıq yanğısı ilə xalqına bağlılığını bütün sahələrdə hiss etdirən müdrik siyasətçi Azərbaycana rəhbərliyinin birinci dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq respublikamıza intibah dövrünü yaşatdı.

1969-cu ildəki tarixi nitqində prioritetləri açıqlamaqla vəzifədən sui-istifadə sayılan, dövlət əmlakının dağıdılmasına, rüşvətxorluq hallarına qarşı mübarizədə heç kimə güzəşt edilməyəcəyini bildirdi. Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı bir dövrdə rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı. İdarəetmə strukturlarında çalışan məmurların milli kadrlar hesabına formalaşdırılmasına diqqət artırıldı. Buna görə də 1969-cu ildən bəri yaşanan illər tariximizə Heydər Əliyev dövrü, xalqımızın milli özünüdərkin, özünəqayıdışın başlanğıcı kimi xarakterizə olunur.

Ölkəyə başçılıq etdiyi birinci mərhələdə yanacaq energetika kompleksinin inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirdi. Ölkədə neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi, yeni texnologiyalar əsasında təkmilləşdirilən, ittifaq əhəmiyyətli kondisioner zavodu kimi onlarla iri sənaye müəssisələri şəbəkəsi yaradıldı. Keçmiş İttifaq ölkələri arasında əldə etdiyi birincilikləri qazandığı Keçici Qırmızı Bayraqlarla qeyd edən müdrik siyasətçi, təcrübəli dövlət başçısı olmaqla fəaliyyətini birtərəfli deyil, düşünülmüş sistem, proqram halında həyata keçirirdi. Cəmşid Naxçıvanski adına məktəbi yaratmaqla milli hərbi, elmi kadrların yetişdirilməsinə inkişafın təməl prinsipləri kimi diqqət yetirən Ulu Öndər gənc mütəxəssislərin ixtisaslara yiyələnməsini təmin etmək üçün önəmli addımlar atdı. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnməsi üçün keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil islahatlarının əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı təmin olunduğu kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu baza Azərbaycanı tərəqqinin növbəti mərhələsi kimi zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. Totalitar sistemin çətinliyinə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan ulu öndər Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratdı.

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının sənət nümunələri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük intibah olan bir sıra memarlıq ansamblı, inzibati mərkəzlər, mədəniyyət sarayları, institut, nəşriyyat, tədris korpusu, idman kompleksləri, görkəmi ilə paytaxtın və bölgələrin simasını dəyişən milli arxitekturamızın cizgilərini əks etdirən binalar istifadəyə verilmişdir. Tarixi şəxsiyyətlərimizə hörmət əlaməti olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi səylər idi. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaranırdı.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi diqqət mərkəzində idi. Ulu Öndərin səyi ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr və şərait baxımından sözün əsl mənasında qətiyyət və siyasi iradə tələb edən belə bir addım məhz müstəqillik naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli kimi dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.

Respublikaların iqtisadi inkişafı üçün vəsaitlərin Mərkəzdə, Kremldə planlaşdırıldığı, ölkələrin vahid idarəetmə və ideologiya sistemi şəraitində yaşadığı şəraitdə belə ağır vəziyyətdən çıxmaq o qədər də asan deyildi. Bunun yeganə çıxış yolu milli gəlirdən istifadə üçün respublikanın hüquqlarının genişləndirilməsinə nail olmaq lazım idi. Mərkəzin göstərişindən kənar qərarların qəbulu isə o dövr üçün cəsarət tələb edirdi. Heç bir müttəfiq respublika rəhbəri belə təşəbbüsün qaldırılmasına cəsarət etmirdi. Buna nail olmaq üçün tutarlı əsas lazım idi. Azərbaycanın dotasiyasız yaşayan respublika olduğunu, ölkənin istehlakdan artıq məhsul istehsal etdiyini səbəb kimi irəli sürən təcrübəli dövlət başçısı Heydər Əliyev ən kiçik imkandan istifadə etməklə qüdrətli Azərbaycan üçün zəmin yaradırdı.

Beləliklə, birtərəfli inkişafa son qoymaqla diqqəti respublikada texniki tərəqqini şərtləndirən sahələrin inkişafına yönəltdi. Sənayenin inkişafının strateji istiqamətləri üzrə əhatəli proqramlar hazırlandı, struktur dəyişiklikləri aparılmaqla yeni istehsal sahələri yarandı, kadr hazırlığı, mütəxəssislərin peşəkarlığının artırılması ön plana çəkildi. Bakıda məişət kondisionerləri zavodunun tikilməsi üçün ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi fədakarlığı heç bir ölkə başçısı bacarmazdı. O dövrdə ittifaq rəhbərliyi ilə şəxsi münasibətlərini gücləndirərək Azərbaycan üçün əlavə vəsaitlər, fondlar əldə etməyə çalışan ulu öndər Heydər Əliyevin yenilik ruhu, rəhbərlik üslubu respublikanın sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edirdi. Qarşısına qoyduğu nəcib məqsəd aydın idi: İnkişaf sürəti ilə xalqın yaşayış səviyyəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq. Tanınmış dövlət başçıları, ictimai-siyasi xadimlər də təsdiqləyirlər ki, Azərbaycanın tarixində “Heydər Əliyev rəhbərliyi” ən məhsuldar dövr olub.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə respublikanın 250-dən çox sənaye müəssisəsində istehsal olunan 350 adda müxtəlif ünvanlı sənaye və məişət malları dünyanın 65 ölkəsinə ixrac olunurdu. Ölkəmizdə istehsal olunan kondisionerlər Azərbaycanın adını bütün ölkələrdə tanıdırdı.

1970-ci ildən başlayaraq xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi, müasir qazma metod və üsullarının Azərbaycanda tətbiqi ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı və müəllifliyi ilə tərtib olunan “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında həyata keçirildi. Onun xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, “Şelf” seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Etiraf olunmalıdır ki, sərt sovetlər rejimində planlaşdırılmış iqtisadiyyatdan kənarda müttəfiq respublikaların mənafeyinə, milli maraqlara yönəlmiş kiçik bir addımın atılması üçün cəsarət, milli qürur, vətəndaşlıq yanğısı tələb olunurdu.

Neft sənayesini inkişaf etdirən Ulu Öndərin tarixi xidmətlərindən olan “Əsrin müqaviləsi”nin imzalanması, neft strategiyasının həyata keçirilməsi ilə xalqlar arasında əməkdaşlıq, dostluq və həmrəylik körpüsü yaradıldı.

Zəngin hərbi tarixə və ənənəyə malik Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması müstəqillik və süverenliyimizin simvolu, atributu, dövlət quruculuğunun xüsusi aktuallıq və strateji əhəmiyyət kəsb edən strukturu kimi ümummilli lider Heydər Əliyevin diqqət göstərdiyi və məsuliyyətlə yanaşdığı sahələrdən olub. Hazırda Silahlı Qüvvələrimizin elə bir hərbi xidmət sahəsi yoxdur ki, orada Heydər Əliyevin daim öyündüyü Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər.

Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən muxtar respublikada ilk sərhəd dəstəsini və Milli Ordu hissəsini təşkil edən ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ilk diqqət yetirdiyi sahə də elə nizami ordu quruculuğu olmuşdur. Onun sayəsində ordu quruculuğu sistemli xarakter aldı və bu proses uğurla davam etdirildi.

20 Yanvar hadisələrinə etiraz etməklə, Azərbaycana bağlılığını Kremlin təzyiqlərindən qorxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyindəki tarixi çıxışı ilə bildirən Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtmaqla müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı, vətəndaşlıq sevgisini, dünya şöhrətli dövlət xadimi olduğunu qətiyyətli islahatları ilə təsdiqlədi. Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı. 1994-1995-ci illərdə dövlətçiliyimizə qarşı törədilən cəhdlərin qarşısını almaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər Azərbaycanın iqtisadi inkişafı və müstəqilliyinin əbədiliyi üçün başlıca şərt olan və müdrikcəsinə hazırladığı neft strategiyası dünənimizin, bu günümüzün deyil, gələcəyimizin də qarantı olduğunu növbəti dəfə “Əsrin müqaviləsi” kimi qlobal enerji layihəsini gerçəkləşdirməklə Azərbaycanı dünyada tanıtdırdı. Bölgədə sülhün, sabitliyin təminatına, xalqlararası əməkdaşlığın genişləndirilməsinə nail oldu. Üç dəniz əfsanəsinin gerçəkliyinə inanmayan, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırmaqla Azərbaycanın dünya birliyində yerini müəyyənləşdirdi. Türk dövlətlərinin tarazlaşdırılmış enerji diplomatiyası Avropada belə bir inam yaradır ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir.

“Cənub Qaz Dəhlizi” kimi önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir. Neft-qaz sahəsində Azərbaycan Türkiyə, Türkmənistan, Qazaxıstan ilə çox səmərəli fəaliyyət göstərir.

Dahiliyi şərtləndirən amillər çox olsa da qanunauyğunluqlardan biri də budur ki, liderliyin qiyməti varisliklə müəyyən olunur. Yəni rəhbər başçılıq etdiyi dövlətin inkişafını bir neçə dəfə artırmaq üçün özünə layiq davamçılar yetişdirməlidir. Ümummilli lider Heydər Əliyev bu sahədə də müdrikliyini təsdiqlədi. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən Heydər Əliyev özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi. Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir ki, bu gün ölkəmiz dünya birliyində qüdrətli ölkələrlə eyni sırada addımlayır. Ən möhtəşəm idman yarışlarına, humanitar forumlara, mədəniyyətlərarası dialoqlara ev sahibliyi edən, multikultural dəyərlərə sadiqliyini tolerantlığı ilə bildirən Azərbaycan reallıqlarına heyran olduğunu bildirən qonaqların etirafları Ulu Öndərin tarixi xidmətlərinə verilən dəyərdir. Azərbaycanın müasir siması bir həqiqəti əks etdirir: Heydər Əliyevin daimyaşar arzuları gerçəkləşib. Dünya birliyində Azərbaycan islahatçı, qüdrətli dövlət kimi tanınırsa, bu nailiyyət ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu siyasətə sadiqliyinin nəticəsidir.

…Bəşər tarixi inqilablar edən, dövlətlər yaradan, millətləri üçün xidmətlər göstərən dahilər, şəxsiyyətlər yetirib. Amma onların adları mənsub olduqları millətin, dövlətin tarixində iz salmadığı kimi, davamçıları da olmayıb. Yəqin ki, görülən işlər çox da uzaq gələcək üçün hesablanmayıb. Öndərlərə xas qətiyyətə, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu respublikaya rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin ifadəsi, liderlik fəlsəfəsinin qanunauyğunluqlarıdır…

Xuraman Ismayilqizi “Iki sahil”