2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək və ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva, Fondun vitse-prezidenti isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın qızı Leyla Əliyevadır.
Heydər Əliyev Fondu yarandığı gündən bu yana Azərbaycanın təbliği yönündə irimiqyaslı tədbirlər və aksiyalar təşkil edir.

Elm və təhsil sahəsində görülən işlər azyaşlı məktəblilərin və gənclərin inkişafında mühüm rol oynayır. Belə ki, mütəmadi olaraq Fondun hesabına tikilmiş yeni bağçalar, təhsil ocaqları gənc nəslin vətənpərvər ruhda böyüməsinə, inkişafına ciddi təkan verir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir.
Xüsusilə fiziki məhdudiyyəti olan uşaqlar üçün təşikil olunan şənliklərdə azyaşlılar əylənərək vaxtlarını daha səmərəli keçirirlər.
Fondun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evlərini ziyarət edir. Onlarla bir süfrə arxasında oturan Leyla Əliyeva uşaqlarının asudə vaxtlarının hansı proqrama uyğun hazırlandığı ilə yaxından maraqlanır.
Heydər Əliyev Fondunun Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət də təqdirəlayiqdir. Fəaliyyətdə olan əksər səhiyyə ocaqlarına Fond tərəfindən böyük dəstək verilir. Təmirə ehtiyacı olan xəstəxanalar əsaslı şəkildə təmir edilir, yeni klinikalar tikilib istifadəyə verilir.

Bununla yanaşı, Azərbaycan Mədəniyyət Fondunun layihələri əsasında Heydər Əliyev Fondunun dəstəyilə milli musiqi janrımız olan muğamın dünya ictimaiyyətinə tanıdılması üçün maarifləndirici tədbirlər keçirilir.

Heydər Əliyev Fondu idmanımızın inkişafında da mühüm işlərə imza atıb. Buna misal olaraq, bölgələrdə tikilib istifadəyə verilmiş idman komplekslərini, şahmat məktəblərini göstərmək olar.
Qeyd etmək lazımdır ki, sözügedən idman komplekslərində idmançıların həm məşq, həm də istirahət zamanı özlərini komfortda hiss etmələri üçün zəruri şərait yaradılıb.
İntellekt səviyyəsinin yüksəlməsinə ən çox təsir göstərən idman növü olan şahmatın daha geniş kütlədə maraq oyada bilməsi üçün görülən işlər öz təsdiqini tapmağa davam edir.
Ölkəmizdə fəaliyyət göstərən şahmat məktəblərində uşaqlar və gənclər bu idman növünün dərinliklərini yiyələnirlər.
Onların arasından gələcəkdə ölkəmizi dünya miqyasında təmsil edəcək şahmatçıların çıxacağı danılmazdır.

Heydər Əliyev Fondunun hesabına yüzlərlə aztəminatlı ailələr və bəzi tanınmış simalar ölkə xaricində peşəkar həkimlərin müşaiyəti altında əməliyyat olunublar.
Həmin ailələr Fondun prezidenti Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Bölgə Tv olaraq, həmin ailələrin üzvləri və sözünü etdiyimiz tanınmış simalarla görüşmüşük. Onların təəssüratlarını bölüşdükləri müsahibələri yaxın günlərdə izləyə biləcəksiniz.
Bolgexeber.com