Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə təşkil etdiyi “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları barədə iştirakçılara məlumat veriblər. Qeyd olunub ki, Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyası arasında əməkdaşlıq çərçivəsində keçirilən müsabiqəyə 2017-ci il martın 1-dən start verilib. Müsabiqəyə müəllimlərin şəxsi iş təcrübəsinə əsaslanmaqla təhsilin və müasir dərsin aktual problemləri barədə metodik yazılar qəbul olunub. Yazıların qəbulu üçün ayrılmış bir ay ərzində təşkilat komitəsinə 80-dan çox metodiki iş daxil olub. Dəyərləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə yazılara ayrı-ayrı fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodistlər və alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Azərbaycan müəllimi” qəzeti, Bilik Fondunun təcrübəli və peşəkar əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə bir yazı I yerə, üç yazı II yerə, beş yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb. Tədbirdə müsabiqə qaliblərinin metodiki yazı nümunələrinin toplu şəklində nəşr olunması, qabaqcıl təcrübənin yayılması məqsədilə bölgələrdə fəaliyyət göstərən bilik evlərində ustad dərslərinin təşkil edilməsi qərara alınıb”. Fərəhləndirici haldır ki, “Ən yaxşı yazı” müsabiqəsinin I dərəcəli diplomuna Astara Pedaqoji Kollecinin müəllimi Səbinə Cəfərli layiq görülüb. Bu, gənc müəllimin həyatında ilk və böyük uğurudur. Müsabiqədə ölkənin nüfuzlu ali, orta ixtisas və ümumtəhsil məktəblərinin qabaqcıl, təcrübəli, adlı-sanlı müəllimlərinin iştirak etdiyini və dəyərləndirmənin iki mərhələdə kodlaşdırma üsulu ilə aparıldığını nəzərə alsaq Səbinə Cəfərlinin birinci yerə layiq görülməsi mühüm uğur sayılmalıdır. Digər sevindirici hal ondan ibarətdir ki, müsabiqənin II dərəcəli diplomuna kollecin metodisti, qabaqcıl təhsil işçisi Azad Abdullayev layiq görülüb. Azad müəllimin elmi-metodiki-pedaqoji mövzularda yazdığı məqalələr müxtəlif qəzet və jurnallarda dərc edilib. “Astara” qəzetinin səhifələrində də onun imzasına tez-tez rast gəlinir. 35 illik pedaqoji staja malik olan A.Abdullayev bütün şüurlu ömrünü gənclərin təlim-tərbiyəsi və onların Vətən üçün layiqli vətəndaş kimi yetişdirilməsi işinə sərf edib. Bu gün də coşqu ilə fəaliyyət göstərən Azad müəllim kollecdə öz təcrübəsini həvəslə gənclərə öyrədir. Bu gün biz Astara Pedaqoji Kollecində yeni rəhbərliyin apardığı məqsədyönlü və keyfiyyətli idarəetmə işini xüsusilə qeyd etməliyik. Məhz müsabiqədə kollecin iki nümayəndəsinin I və II dərəcəli diplomlara layiq görülməsi həmin aparılan düzgün idarəetmə və tədris keyfiyyətinin yüksəldilməsi işinin nəticəsidir. Biz öz növbəmizdə qalibləri təbrik edir və onlara yeni-yeni zirvələr fəth etmələrini arzulayırıq. Uğur olsun! Davamı gəlsin! Yusif Şahnamazov, Astara Pedaqoji Kollecinin tədris işləri üzrə direktor müavini