Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Şindan otelində “ Kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi çərçivəsində təlim kursları keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar bu layihə mühüm əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədi kənd yerlərində yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində rayonumuzun kənd yerlərindən seçilmiş 25 nəfər gənc üçün 3 gün davam edən interaktiv təlimlər təşkil olunub. Təlimdə Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxış edərək layihənin rayon gəncləri üçün əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, bu layihə xüsusilə kəndlərdə yaşayan gəncləri sahibkarlıq və biznes fəaliyyətinə stimullaşdıracaq və onları biznesə başlamaq üçün güclü motivasiya edəcəkdir. Təlimçi Sərdar Hüseynov tərəfindən gənclərə biznesin təşkili, rayon üçün prioritet biznes ideyaların seçilməsi, biznes planın yazılmasına giriş, sahibkarlıq, Marketinq 4P, SWOT (GZİT) analiz, istehsal və satış, maya dəyəri və sair mövzular barədə ətraflı məlumat verilib. Təlimin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim olunub. Rövşən Bağırov