Astara respublikamızda sitrus meyvəçiliyinin yüksək sürətlə inkişaf etdiyi əsas bölgədir. Ötən əsrin əvvəllərindən başlayaraq torpaq və iqlim şəraitinin uyğunluğuna görə rayonumuzda sitrus bitkilərinin əkinlərinə başlanılmışdır.
İlk dəfə olaraq rayonun Kijəbə qəsəbə ərazisində xarici ölkələrdən gətirilmiş sitrus və subtropik meyvə ağaclarının tingləri əkilmişdir. Ötən illər ərzində sitrus və subtropik meyvəçiliyi rayonda əhalinin əsas məşğulluq sahələrindən birinə çevrilmiş, sürətli inkişafı təmin olunmuşdur.
Hazırda təkcə Kijəbə qəsəbəsində deyil, Siyaku, Şüvi, Səncərədi, Təngərüd və digər yaşayış məntəqələrində sitrus meyvəçiliyi inkişaf etdirilmişdir. Bütün bunlarla birlikdə bu sahənin daha səmərəli və məhsuldar inkişafını təmin etmək üçün xarici ölkələrdə mövcud olan təcrübənin öyrənilməsinə və bu yeniliklərin rayonumuzda tətbiqinə ciddi ehtiyac vardır. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bunları nəzərə alaraq elmin son nailiyyətlərinə əsaslanan sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar xarici mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlərin təşkilinə xüsusi diqqət yetirir.
Məlum olduğu kimi, bu il aprelin 14-15-də rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə subtropik meyvəçiliyinin inkişafı, sitrus bağlarının sağlam formada yetişdirilməsi, mövcud problemlər və qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədilə rayonun Siyaku kəndində maarifləndirici tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin dəvəti ilə rayona gəlmiş Türkiyənin Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və tədqiqat mərkəzinin direktoru, böyük təcrübəyə malik professor Saadettin Baloğlu tədbir iştirakçılarına subtropik meyvəçiliyi ilə əlaqədar geniş məlumat vermiş, sitrus bitkilərinə aqrotexniki qulluğun göstərilməsi, xəstəlikləri və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışmış, geniş fikir mübadiləsi aparmış, tövsiyələrini vermişdir.
Çukurova Universiteti ilə əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsirini əsas götürərək Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyunun 5-7 tarixlərində Türkiyə Respublikasının Adana və Mersin bölgələrində ezamiyyətdə olmuşdur. İcra başçısı əvvəlcə sitrus məhsullarının istehsalı və ixracı ilə məşğul olan “4 m Group Company” şirkətinin təsərrüfatlarını gəzmiş, Çukurova Universitetinin subtropik meyvələrin araşdırma və tədqiqat mərkəzinin maddi texniki bazasına, laboratoriyalarına, istixana təsərrüfatlarına, emal müəssisələrinə, həmçinin açıq ərazilərdə subtropik və sitrus bağlarına baxış keçirmişdir. Burada mövcud naringi, portağal, limon və qreyfrut bağlarında görülmüş işlərlə, meyvə bağlarına zəruri aqrotexniki qulluq qaydaları-sulama,gübrələmə, dərmanlama, budama və ümumilikdə müasir sitrus meyvələrinin yetişdirilmə qaydaları ilə tanış olmuşdur.
Mersin şəhərində Çukurova Universitetinin subtropik meyvələrin araşdırma və tədqiqat mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda iştirak edən Qəzənfər Ağayev Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və uygulama mərkəzinin direktoru Saadettin Baloğlunun, universitetin professorlarının “Turuncgillərdə çiçəklənmə və meyvə dökümləri” və “Turuncgillərdə doğru bitki bəsləmə uygulamaları” mövzuları ilə bağlı mühazirələrini dinləmiş, həmçinin sitrus meyvələrinin calağı, əkini, ağaclarda olan mövcud xəstəliklərlə mübarizə aparmaq qaydaları və profilaktik mühafizə tədbirlərinin görülməsi ilə bağlı məlumatlar əldə etmişdir.
Toplanılan zəngin təcrübə rayonumuzda sitrusçuluğun elmin son nailiyyətləri əsasında daha sürətlə inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Türkiyədə nəşr olunan “Adana Güney Haber” qəzetinə Adanadakı görüşləri barədə müsahibə verib. Həmin qəzetin 14 iyun 2017-ci il tarixli sayında birinci səhifənin başlığında “ÇÜ subtropik Meyvə Araşdırma Mərkəzinə Azərbaycan Astara Valisindən ziyarət” sərlövhəli geniş yazı dərc olunub.
Astarainfo.az