25 iyul 2017-ci il tarixində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun ucqar dağ kəndlərindən biri olan Ovala kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur.
Kİjəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ovala kəndində 61 təsərrüfatda 335 nəfər əhali yaşayır. Əhalinin məşğuliyyəti sitrusçuluq, maldarlıq, arıçılıqdır. Kənddə bir ümumi orta məktəb, bir tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir.
İcra başçısı kənd sakinlərini salamlayaraq qonşu kəndlərdə keçirdiyi səyyar qəbullarda tez-tez görüşmələrinə baxmayaraq, bu gün Ovala kəndində növbəti dəfə yerli sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırdı. Ovala kəndinin mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşməsinə baxmayaraq, belə bir mənzərəli yerdə, yaşıl meşələrin əhatəsində saf havası, gözəl təbiəti olan kənddə yaşamağın bir xoşbəxtlik olduğunu bildirdi.
Kənd sakinlərindən Etibar Baxşıyev, İlyas Rəhmətov, Mirzağa Rəhmətov, Büzür Büzürov, Ağakişi Məcidov, Vəskinə Babayeva və başqaları çıxış edərək respublikamızda və rayonumuzda əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə hədsiz sevindiklərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, o cümlədən, kənd məktəbinin dam örtüyünün dəyişdirilməsi və elektrik xətt təsərrüfatında aparılan təmir işlərinə görə İcra başçısına razılıqlarını bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı  Vənəşikəş-Ovala avtomobil yolunun təmiri, tibb məntəqəsinin tikintisi, elektrik dirəklərinin dəyişdirilməsi və s. barədə təkliflər  vermişlər.
Səmimi və işgüzar görüşə görə sakinlərə təşəkkürünü bildirən İcra hakimiyyətinin başçısı Q.Ağayev yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsinə tapşırıq verərək zaman tələb edən digər məsələlərin icrasına müvafiq köməkliklərin göstəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, Pəlikəş-Deqədi avtomobil yolunun çəkilməsi ilə bu istiqamətdə yerləşən digər dağ kəndləri kimi Ovala kəndinin də əsas sosial problemi həll olunmuşdur. Bunu sakinlər də çıxışlarında qeyd etdilər. Vənəşikəş-Ovala yolunun təmiri üçün də yollar axtaracağıq.
Hazırda rayonda əhəmiyyətli sosial layihələrin – Taxtanakəran-Miki, Taxtanakəran-Toradi avtomobil yolunun asfaltlaşdırılması, dənizkənarı park-bulvarın ərazisinin yeni layihəyə uyğun genişləndirilməsi, şəhərə içməli suyun çəkilməsini iştirakçıların nəzərinə çatdıraraq, bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən İcra başçısı dünyada iqtisadi-siyasi böhran yaşanmasına baxmayaraq müstəqil dövlətimizin uğurlu inkişafı ilə bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.
Qeyd etmişdir ki, rayonumuzun səfalı guşələrindən biri olan Ovala  kəndi relyefinə görə elə bir yerdədir ki, burada müəyyən problemlərin, məsələn kənd yolunun çəkilişi üçün aidiyyəti qurumların  imkanlarından səmərəli istifadə edilməli, kənd sakinlərinin qüvvəsi səfərbərliyə alınmalı, icma yaradılmaqla birgə fəaliyyət göstərilməlidir. Bu işdə rayon rəhbərliyi kənd sakinlərinə hərtərəfli köməklik göstərəcəkdir.
İcra başçısı Ovala kənd ümumi orta məktəbin tədris binasında olmuş, aparılan təmir işlərinin vəziyyəti ilə tanış olaraq tövsiyə və tapşırıqlarını vermişdir.