2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin II və III ixtisas qruplarına Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub.
GoldNews.Az xəbər verir ki, APA-nın araşdırmasına görə, bu il II ixtisas qrupu üzrə 12 924 qəbul planı ayrılıb, onlardan 9549-u Azərbaycan, 1375-i rus, 2000-i isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2086-sı dövlət sifarişi əsasında ayrılmış yerlərin payına düşür. II ixtisas qrupu üzrə iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Bu il III ixtisas qrupu üzrə 9769 qəbul planı ayrılıb, onlardan 7702-si Azərbaycan, 1060-ı rus, 1007-si isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2265-i dövlət sifarişi əsasında ayrılmış yerlərin payına düşür. III ixtisas qrupu üzrə filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəbləri ilə bərabər özəl ali məktəblər də iştirak edir. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Bütün ixtisas qrupları üzrə müsabiqə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız həmin müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.
Bu il II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.