Cəmiyyəti təmsil edən hər bir insanın özünəməxsus xarakteri, müsbət və mənfi cəhətləri olur. Amma bəzən həyatda hər hansı bir fərdin gözlənilməz qüsuru ilə üzləşəndə onu mühitlə və yaxud problemlə əlaqələndiririk. Gəlin, elə intihardan danışaq. Bildiyimiz kimi, bu gün cəmiyyətdə intihar halları geniş vüsət alıb  demək olar ki, hətta adiləşib. Halbuki intiharın bizi yaradan Ulu Tanrı qarşısında necə böyük əfv edilməz  günah olduğu hamıya məlumdur. Bu gün intiharın cəmiyyətdə tüğyan etdiyini görəndə narahat olmaya, düşünməyə bilmirsən. Bu düşündürücü mövzu ilə əlaqədar müsahibimiz Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdur.

–    Elnur müəllim, təcrübəli psixoloq kimi sizin intiharla bağlı fikriniz, münasibətiniz, oxucularımız üçün də maraqlı olar. Bu barədə nə demək istərdiniz?

– Əvvəla, müsahibəyə görə sizə təşəkkür edirəm. Yaşından və cinsindən asılı olmayaraq hər bir insan öz həyatını təbii sonluqla başa çatdırmaq istəyi ilə  Allahın ona yazdığı ömrü  yaşayır. Ona görə də inanmıram ki, dünyada kimsə xüsusi bir səbəb olmadan intihar etmək istəsin. Kimi tənhalıqdan, kimi yaxınını itirməkdən, kimi də uzun sürən xəstəlikdən həyatda yaşamağını mənasız zənn edərək düşüncələrə qapılır və bu düşüncələr də bir müddət onun davranış və ünsiyyətinə təsir göstərir. Statistika göstərir ki, intihar edən insanların böyük əksəriyyəti ilkin olaraq depressiya vəziyyətində olur və  vəziyyətdən çıxa bilmədiklərinə görə də,  intihara əl atırlar. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında depressiya xəstəlik kimi dəyərləndirilir.

– Sizcə, insanları bu qorxunc, dəhşətli bəladan necə qurtarmaq, çəkindirmək olar?  

 – Açığı bunun konkret bir formulu yoxdur, inanmıram ki, olsun. Çünki, hər insanın öz psixologiyası, həyata baxış tərzi var. Burada genetik,   sosial-psixoloji faktorlar mühüm rol oynayır. Ancaq bununla bərabər insanları intihardan uzaqlaşdırmaq, həyata bağlamaq üçün müxtəlif alternativ yollar təklif olunur. Bunlardan ən birincisi canlı ünsiyyət və insanların bir-birinə olan münasibətidir. Etiraf edək ki, bu gün doğmalar arasında kütləvi şəkildə biganəlik yaşanır. Canlı ünsiyyət   virtuala keçib. Bunun fonunda ailədaxili konfliktlər, boşanmalar intihara yol açmaya bilməz. Problem çox şaxəlidir. Biri o birinin yaranmasına səbəb olur. Bu tək bizimlə bağlı bir problem deyil, qlobal xarakter daşıyır. Dünyada intihar göstəricilərinə görə birinci yerdə Şimali Avropa ölkələri dayanır. Hansı ki, o ölkələrdə həyat şəraiti digər Avropa ölkələri ilə müqayisədə çox yüksəkdir. Bu da onu göstərir ki, intihar iqtisadi  yox, sosial-psixoloji faktorlarla bağlı bir problemdir.

      – Elnur müəllim, bu gün əzablardan, problemlərdən qurtulmaq üçün intiharı son çıxış yolu hesab edənlər haqqında nə deyə bilərsiniz ?

 – İntihar heç bir zaman problemdən qurtulmaq üçün çıxış yolu deyil. Deyirlər “dərd varsa, dərman da var”. İnsan hansı şəraitdə olmasına baxmayaraq yaşamalı, mütaliə etməli və zəhmətə alışmalıdır. Etiraf edək ki, bu gün insanların əksəriyyəti “iş yoxdur” sözünü bəhanə edərək çalışmaq istəmirlər. Yaxud da, az zamanda çox şey əldə etmək xəyalı ilə yaşayırlar. Bu düşüncə də insan psixologiyasına mənfi təsir göstərməyə bilməz. İnsanı yaşadan arzularıdır.  Arzuları da, həyata keçirmək üçün insan əzmlə çalışmalı, öyrənməlidir. Bu gün ən böyük bəlalardan biri də informasiya, mobil rabitədir. Cəmiyyət  ifrat dərəcədə informasiya ilə yüklənir. Əksəriyyəti də, səhər gözünü açan kimi və axşam yatanda da telefonla əlləşir, hər dəfə də müxtəlif informasiyalar  alır, bu da   birbaşa onun ruh halına təsir göstərir. İctimai qınaq əvvəlki illərlə müqayisədə təsir gücünü itirir. Qloballaşma bütün sahələri əhatə etsə də  internet yenə də nəzarətsiz sahədir. Sizcə, uşaqlar bilirlərmi nəyə baxmaq olar, nəyə yox? Bəli, problem çoxdur, həlli yolu isə maariflənmək və maarifləndirməkdir.

– Bir psixoloq kimi yəqin ki, intihardan çəkindirdiyiniz insanlar olub. Açıqlamaq istərdinizmi?

– Yetəri qədər insan tanıyıram ki,  intihar düşüncəsində olub, ona dəstək olandan sonra həyata qayıdıb, indi çalışır və həyatını yaşayır.  Bir gün seansda idim. Telefonu gətirib dedilər ki, “Elnur müəllim təcillidir, bir kişi sizinlə danışmaq istəyir”. Danışanın səsi çox həyəcanlı idi. Ondan nə  baş verdiyini soruşanda kişi dedi ki, halallıq verin,  ailəmə görə intihar etmirdim, qərara gəlmişəm ki, onlarla bir yerdə  həyatı tərk edək. 15 dəqiqəlik  söhbətdən sonra qərara gəldik ki, görüşək, intiharı bərabər müzakirə edək. Təcili görüşdük. Uzun bir   söhbətdən sonra  o intihara yox, yaşamağa qərar verdi. Bu gün həmin ailə olduqca xoşbəxt yaşayırlar. Həyatda  bu kimi hadisələrlə ara-sıra rastlaşırıq və çalışırıq ki, əlimizdən gələn köməyi çətin vəziyyətdə olan insanlardan əsirgəməyək.

Bütün hallarda yaşamaq gözəldir. Hər insanın problemi olur və  problemi həll etmək üçün də hər kəsdə potensial güc var. Sadəcə, insanlar ondan istifadə edə bilmirlər. Bunun üçün iman və inam vacib şərtdir.

  • Elnur müəllim, sağ olun maraqlı və ətraflı söhbətinizə görə sizə təşəkkürümüzü bildiririk.

Astarainfo.az