İyulun 29-dan ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayıb. Avqustun 10-dək davam edəcək bu prosesdə qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının dördüncü nömrəsində təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ixtisas seçiminə kömək məqsədilə I və IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap olunub. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim edilib. Çap olunmuş vəsaitlərdə, həmçinin müəyyən kənd təsərrüfatı və digər ixtisaslar üzrə ixtisas seçiminə qoyulan minimal tələblərlə tanış olmaq mümkündür.
Müsabiqə şərtlərinə əsasən, I və IV ixtisas qrupları üzrə ixtisas seçimində ümumi balı 200-dən hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250‑dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xatırladaq ki, 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.