OLYMPUS DIGITAL CAMERA

Astarainfo.az xəbər verir ki, Astarada ucqar dağ kəndi olan Taxtanəkəran-Toradi avtomobil yoluna asfalt döşənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astara rayonunun sosial-iqtisadi inkişafı, xüsusən rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 km aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı Sərəncamlar rayonumuzun bütün ictimaiyyətini hədsiz sevindirmiş, Astaramızın tarixinə qızıl hərflərlə yazılmışdır. Olduqca mürəkkəb relyefə malik, yol çəkilişi mümkünsüz hesab edilən bu kəndlərin sakinlərinin sevinci indi hədsizdir. İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, möhtərəm  Prezidentimizin Astara və astaralılara olan hədsiz diqqət və qayğınızın davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşkilatçılığı və yaxından köməkliyi nəticəsində son illərdə cənub mirvarisi olan Astaranın bütün yaşayış məntəqələri öz simasını tamamilə dəyişmişdir. Rayonun sosial-iqtisadi inkişafı ilbəil sürətlənir. Bütün sahələrdə əsaslı dönüş və sürətli inkişaf diqqəti cəlb edir. Xüsusən, quruculuq və abadlıq işləri sahəsində görülən tədbirlər göz oxşayır.

Rayonda aparılan tikinti abadlıq işləri gündən-günə sürətlənir. Şəhər, qəsəbə və kəndlərimizdə yolların əsaslı təmiri və yenidən qurulması diqqət mərkəzindədir. Dəniz sahilində salınmış park-bulvarda yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. Hazırda park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar işlər davam edir.

Son dövrdə rayonumuzda ucqar dağ kəndlərinə rahat asfalt yolların çəkilişi geniş vüsət almışdır. Azərbaycan Respublikası Prezidenti Möhtərəm İlham Əliyevin Sərəncamları ilə uzun illər boyu bərbad vəziyyətdə olan dağ kəndlərinə gedən yollar bu gün rahatlığı ilə göz oxşayır. Deqədi-Pəlikəş avtomobil yolunun istifadəyə verilməsindən sonra Taxtanakəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinə başlanılmışdır.

Astarainfo.az bildirir ki, bu günlərdə Taxtanəkəran-Toradi avtomobil yolunun Toradidən başlanan hissəsində ilk asfalt döşənməsinə başlanmışdır. Bu münasibətlə yerli əhali tərəfindən qurban kəsilmişdir. Qısa müddət ərzində 1000 metrdən çox məsafədə həm alt, həm də üst qata asfalt çəkilişi başa çatdırılmışdır. Bu çox sevindiricidir. Rayonumuzun mürəkkəb relyefə malik ən ucqar dağ kəndinin yollarının asfaltlaşdırılması ölkə rəhbərinin sakinlərimizə ən böyük töhfəsidir. Bundan təkcə həmin kəndlərin əhalisi deyil, bütün rayon yararlanacaqdır. Səfalı təbiəti, tarixi yerləri ilə maraq doğuran bu ərazilərə turistlərin, xarici qonaqların indidən maraq göstərməsi dediklərimizə sübutdur.

Taxtanəkəran-Toradi avtomobil yolunda hər gün qızğın iş gedir. Rayon rəhbərliyinin gündəlik qayğısı və diqqəti bu mühüm strateji əhəmiyyət daşıyan qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılacağına zəmin yaradır. Yol mədəniyyətdir, inkişafdır. İnkişafdan geri qalan ucqar dağ kəndlərinə rahat asfalt  yol çəkildikdən sonra həmin yaşayış məntəqələri səfalı meşələri və bol sulu bulaqları ilə qonaqları və turistləri bundan sonra daha çox cəlb edəcəkdir.

Astarainfo.az