Astarainfo.az REPORT.AZ-a istinadən xəbər verir ki, Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılıb.
Bu gün axşam saat 23:30 radələrində 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin üçrəngli bayrağımıza bükülmüş cənazəsi doğulduğu Cəlilabadın Eçara kəndinə gətirilib. Dəfn mərasimində rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanları, döyüşçü əsgər və zabit yoldaşları, ictimaiyyətin nümayəndələri və başqaları iştirak ediblər. Üçrəngli bayraq asılmış şəhidin doğulduğu evdə vida mərasimi keçirilib. Sonra cənazə kənd qəbiristanlığına aparılıb. Şəhid zabitin cənazəsi yayılım atəşləri altında doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli bayrağımız xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.
Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.
Allah rəhmət eləsin!