Ali məktəblərə boş qalan yerlərin elan ediləcəyi tarix AÇIQLANDI

İxtisas seçimi avqustun 10-da bitdikdən sonra ali məktəblərə yerləşdirmənin I mərhələsi aparılacaq və avqustun 15-dən sonra boş qalan yerlər elan ediləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, boş qalan plan yerlərinə sənəd qəbulunun avqustun 15-dən 19-dək aparılması, nəticələrin avqustun 20-də elan edilməsi nəzərdə tutulur.

M.Abbaszadə bildirib ki, qəbulun I mərhələsində qəbul olunanlar mütləq avqustun 15-dən 25-dək qəbul olduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Əks halda, onların yerləri vakant hesab olunacaq və onlar haqqında əmr verilməyəcək.

Bu il ali məktəblər üçün 42 806 plan yerinin təqdim olunduğunu deyən M.Abbaszadə bildirib ki, bu say ötən illə müqayisədə 2 faiz çoxdur.

M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar ki, eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var.

Əsas müsabiqə vəziyyətinin dövlət sifarişli ixtisaslar üzrə yarandığını deyən M.Abbaszadə qeyd edib ki, digər ixtisaslara nisbətən dövlət sifarişli ixtisaslar üzrə ballara olan tələblər daha sərtdir.

M.Abbaszadə əlavə edib ki, I qrup üzrə 13805 yer olsa da, 200 baldan yuxarı nəticə göstərənlərin sayı 12086 nəfərdir. Bu, o deməkdir ki, həmin abituriyentlər öz ixtisaslarını düzgün seçsələr, onların hamısı ödənişli təhsil forması üzrə ali məktəblərə qəbul oluna bilərlər.

DİM-in Direktorlar Şurasının sədrinin sözlərinə görə, yerlərin sayı və müsabiqəyə buraxılanlar müqayisə edilsə, görmək olar ki, I qrupda təxminən 1200 yer boş qalacaq: “Bundan başqa, bu qrupda bəzi ixtisaslar üzrə müsabiqə balı aşağı salındığından onlara 150 baldan 200 baladək toplayanlar da sənəd verə bilərlər. Bu qrupda 200-150 bal arasında bal toplayan təxminən 3089 nəfər iddiaçı var. Həmin abituriyentlər müsabiqə balı 150-yə enən 935 yer üçün iddiaçi ola bilərlər. Hər qrupa aid belə ixtisaslar var. II qrupda 12924 plan yeri var. Bu qrup üzrə kifayət qədər özəl ali məktəblər yer verdiyindən yerlərin çoxu onların payına düşür. II qrupda 490-dan çox bal toplayanların dövlət sifarişli ixtisaslar üzrə qəbul olma şansı ola bilər”.