Astarainfo.az xəbər verir ki, bu günlərdə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin dəvəti ilə Astara rayonuna gəlmiş Çukurova Universiteinin Subtropik Meyvələr Araşdırma və Tədqiqat Mərkəzinin direktoru Səadətdin Baloğlu, Türkiyənin Adana “Güney Haber” qəzetinin səlahiyyətli nümayəndələri Mehmet Emin Yüksəkbaş, Vahdettin Yüksəkbaş ilə görüş keçirilmişdir.
Görüşdə əsas məqsəd Astarada sitrusçuluğun inkişafı, bölgəyə Türkiyədən turizm sərmayəçilərinin cəlb edilməsi üçün xəritələrin hazırlanması, xəritə hazırlandıqdan sonra Türkiyəyə rəsmi görüşlər edilməsi üçün səfərlər planlaşdırılması və turizm sərmayəçilərinin Astara rayonuna dəvət edilməsidir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, son dövrdə Türkiyənin Çukurova Universitetinin Subtropik Meyvələr Araşdırma və Tədqiqat Mərkəzi ilə rayonumuzun sitrus mütəxəssisləri arasında tez-tez görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır. Astara öz sitrus və subtropik meyvələri ilə məşhurdur. Son dövrdə subtropik meyvəçiliyin inkişafı, iqtisadi və sosial əlaqələrin genişləndirilməsi, xarici sərmayəçilərin bura cəlb olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bu perspektivli sahənin inkişafına güclü təkan vermişdir. Çukurova Universiteti ilə əməkdaşlıq rayonda sitrusçuluğun inkişafına müsbət təsirini göstərəcək.
Astarada turistlərin böyük maraq göstərə biləcəyi, yüksək standartlara cavab verən istirahət obyektləri, rayonun dağətəyi ərazisində ilin bütün fəsillərində bitib-tükənməyən müalicə əhəmiyyətli bulaqlar, Xəzər dənizi boyunca salınan çimərliklər, tarixi-mədəni abidələr, mənzərəli təbiət guşələri turizmin inkişafı üçün potensial imkanların yetərincə olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin 2011-ci ilin “Turizm ili” elan edilməsi barədə imzaladığı sərəncam Astarada da turizmin inkişafına güclü təkan vermiş, mövcud potensialın hərəkətə gətirilməsi üçün geniş imkanlar yaratmışdır. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsi tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir Son illərdə Astarada potensial turizm imkanlarına malik olan dağ kəndlərinə müasir tələblərə cavab verən rahat asfalt yolların çəkilişi, həmin ərazilərdə istirahət mərkəzlərinin, rayon mərkəzində dənizkənarı park-bulvarın, kotteclərin istifadəyə verilməsi və digər infrastruktur layihələrin yerinə yetirilməsi rayona gələn turistlərin sayının xeyli artmasına səbəb olmuşdur.
Saadətdin Baloğlu və Mehmet Emin Yüksəkbaş Astaranın çox zəngin təbiətə və təbii zənginliyə malik olduğunu bildirmişlər. Türkiyədə Astaranın turizm tanıtımını etməklə xarici sərmayəçiləri bura cəlb etmək əsas istiqamətlərdəndir. Səadəttin Baloğlu qeyd etmişdir ki, hər il aprel ayında Adanada “Portakal çiçəyi” festivalı keçirilir. Bu festivala sitrusçuluq və subtropik meyvəçilik sahəsində zəngin ənənələrə malik Astara rayonunun geniş tərkibdə nümayəndə heyətini böyük məmnuniyyətlə dəvət edirik. İnanırıq ki, beynəlxalq əhəmiyyət daşıyan festivalda Astara rayonundan nümayəndələrin iştirak etməsi, sitrus və subtropik meyvəçilik sahəsində əldə etdikləri təcrübəni paylaşması və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olacaqdır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...