Qəbələ, 1 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını Böyük Britaniyanın “FeMusa” Kamera Orkestri təqdim edib.
AZƏRTAC xəbər verir ki, orkestrin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
2008-ci ildə Böyük Britaniyanın istedadlı qadın musiqiçiləri tərəfindən təşkil olunan “FeMusa” müasir bəstəkarların əsərləri ilə çıxış edir. Orkestrin repertuarına ənənəvi Qərb musiqisi ilə yanaşı, nadir və az tanınan əsərlər daxildir.
Britaniyalı musiqiçilər Qəbələ festivalının səhnəsində bəstəkar A.Vivaldi, E.Elqar, P.Uarlok, P.Levis, E.Bloq, K.Cenkins, F.Əmirov və Q.Qarayevin əsərlərini səsləndiriblər. Tamaşaçılar orkestrin hər bir çıxışını hərarətlə alqışlayıblar.
Xatırladaq ki, IX Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir. Festival avqustun 3-dək davam edəcək