Astarainfo.az xəbər verir ki, bulvarın ərazisi genişləndirildikdən sonra yeni  mənzərəsi belə olacaq.

Astaralıların böyük fəxrlə və qürur hissi ilə istirahətə gəldikləri gözəl və yaraşıqlı məkana çevrilmiş dənizkənarı park bulvar həm də rayonumuza gələn minlərlə qonaqların və turistlərin üz tutduqları cənnət guşəsidir. Yay mövsümü ilə əlaqədar burada dincəlməyə gələnlərin sayı-hesabı yoxdur. Park bulvarın şöhrəti respublikamızın ayrı-ayrı guşələrinə, hətta xarici ölkələrə yayılmışdır. 2015-ci ildə Astara rayonuna səfəri çərçivəsində dənizkənarı park bulvarda olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev rayon rəhbərliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmiş, tapşırıq və tövsiyələrini vermişdir.

Rayon ictimaiyyətinin nümayəndələrinin park bulvarın ərazisinin genişləndirilməsi barədə  təklifləri nəzərə alınaraq dəniz sahilinin istifadəsiz və bərbad halda olan hissəsində geniş abadlıq və quruculuq işlərinə başlanılmışdır. Rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi nəticəsində qısa müddət ərzində dəniz sahilində təmizlik və səliqə-sahman yaradılmış, parkın ərazisinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 8 iyun tarixli Sərəncamı ilə Astara şəhərindəki dənizkənarı park-bulvarın genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması böyük ruh yüksəkliyinə səbəb olmuş, rayonumuzun turizm imkanlarını xeyli artırmış, yeni turizm məkanlarının yaradılmasına əlverişli şərait yaratmışdır. Astaralılar bu diqqət və qayğıya görə ölkə başçısına təşəkkür və minnətdarlıqlarını bildirirlər.

  Dənizkənarı park-bulvarın ikinci hissəsində tikinti işləri uğurla davam etdirilir. Artıq bir aydan çoxdur ki, dənizkənarı park-bulvarın ərazisinin genişləndirilməsi, orada geniş abadlıq və quruculuq işlərinin aparılmasına başlanılmışdır. 9 hektar ərazidə Bayraq meydanı, qala divarları, iaşə obyektləri, idman kompleksi, əyləncə mərkəzləri inşa edilməsi, xaricdən gətirilmiş müxtəlif növ ağacların əkilməsi və digər infrastruktur layihələrin  icrası nəzərdə tutulmuşdur. Dənizkənarı park-bulvarın genişləndirilməsində ağır yük maşınlarından, ekskavator və buldozerlərdən istifadə olunur.  Hazırda tikinti və quruculuq işlərində 20 nəfərdən çox işçi qüvvəsindən istifadə olunur.