Rusiyanın ictimai televiziyasının (ORT) məşhur aparıcısı Leonid Yakuboviç Astarada

Astarainfo.az xəbər verir ki, Rusiyanın ictimai televiziyasının (ORT) məşhur aparıcısı Leonid Yakuboviç Astarada olub.

 Məşhur rus aparıcısı, aktyor, ssenarist, yazıçı, prodüser, Rusiyanın əməkdar artisti Leonid Yakuboviç Azərbaycanda dəfələrlə olub. O, Bakı şəhərində  müxtəlif tədbir və konsertlərdə iştirak edib. Sonuncu dəfə isə Bakı-2015 İlk Avropa oyunlarının qonağı olub.

Məşhur aparıcı təəssüratını belə bölüşüb: “Bakı mənim dünyada ən çox sevdiyim şəhərlərdən biridir. Ümumiyyətlə, mənim bu şəhərlə bağlı xoş xatirələrim var. Bakı ilə, Azərbaycanla bizi bir çox məqamlar birləşdirir.  Mənim cavanlığım Bakının ən yaxşı KVN komandasında keçib. Bakı günü-gündən inkişaf edir”

Astarainfo.az bildiri ki, “Azərsun Holding”in milli markası “Azərçay”ın dəstəyi ilə bu günlərdə  ölkəmizə gələn məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç Bakı və Lənkəran şəhərlərindən sonra Astara rayonunda olub. Rayonumuzda yetişdirilən təbii çayın şöhrəti bütün dünyaya yayılıb. Dəfələrlə beynəlxalq sərgilərdə qızıl medallara layiq görülən Astara çayının şöhrəti ilbəil artır. Ekoloji cəhətdən təmiz, yüksək keyfiyyəti və ətirli dadı ilə fərqlənən Astara çayının yetişdirilməsi ilə maraqlanan məşhur aparıcı Leonid Yakuboviç çay plantasiyaları ilə məşhur olan Kijəbə qəsəbəsində olmuş, çay bitkisinin inkişaf dövrləri barədə mütəxəssislərdən məlumat almış, çay yarpağı toplayan qız və gəlinlərlə ətraflı söhbət aparmışdır. Məşhur aparıcının Ojakəran kəndində ağsaqqallarla səmimi söhbəti böyük marağa səbəb olmuşdur.

ORT-nin məşhur aparıcısı Leonid Yakuboviç doğma Astaramızdan zəngin təəssüratlarla ayrılmışdır.

Astarainfo.az