Donald Tramp Rusiyaya qarşı sanksiyalar barədə qanunu imzalayıb

Avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini imzalayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, KİV-də yayılan bu məlumatı Ağ ev aparatının adının çəkilməsini istəməyən yüksək vəzifəli əməkdaşı da təsdiqləyib.

Xatırladaq ki, bir qədər əvvəl Senatda və nümayəndələr palatasında səs çoxluğu ilə qəbul olunmuş qanun layihəsi Rusiya iqtisadiyyatına qarşı sektor sanksiyalarının genişləndirilməsini, xüsusən Avropa ərazisi də daxil olmaqla, RF-nin energetika layihələrinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutur.

Yeni qanuna əsasən, sanksiyalar altında olan bankların bazar maliyyələşməsinin maksimal müddəti 14 günədək, neft-qaz sektoru kompaniyalarının maliyyələşməsinin maksimal müddəti isə 30 günədək azaldılacaq. Bundan başqa, ABŞ Prezidenti Rusiyanın ixrac kəmərlərinin tikintisinə ildə 5 milyon dollardan çox və ya eyni vaxtda 1 milyon dollar investisiya qoymağa hazırlaşan, həmçinin xidmət təklif edən və informasiya dəstəyi verən kompaniyalara qarşı tədbirlər görə bilər.

Kremllə yanaşı, Avropa İttifaqı da sənədi sərt tənqid edib. Almaniyanın Xarici İşlər Nazirliyi Vaşinqtonun sanksiyalar vasitəsilə Amerika qazının Aİ-yə çatdırılması üçün yer boşaltdığını bildirib.