Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də müzakirə ediblər. Bəs nə üçün Ermənistan İsraillə məhz indi münasibətlər qurmaq qərarına gəlib, nə üçün 25 ildən çox müddət ərzində Ermənistan ilə İran arasında çox gözəl, hətta qardaşlıq münasibətləri yaranıb, amma İsrail Dövləti ilə münasibətlər heç də yaxşı vəziyyətdə olmayıb. Bu barədə İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut ölkəsinin ən nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin 31 iyul nömrəsində dərc olunmuş “Ermənistan-İsrail əlaqələri: mif, yoxsa reallıq” sərlövhəli məqaləsində yazıb.
Məqalə müəllifi qeyd edir ki, tarixi vəziyyət elə gətirib ki, 1991-ci ildə İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulandan sonra bu ölkələr arasında qarşılıqlı əlaqələr ardıcıl olaraq yaxşılaşıb və artıq strateji xarakter daşıyır. A.Qut yazır: “Hazırda İsraildə istehlak edilən neftin 65 faizi İsrailin yüksək texnoloji məhsullarının əsas alıcısı Azərbaycandan daxil olur. Bu arada Ermənistan hökuməti İran ilə sıx münasibətlər qurub. Ekspertlər Maksim Qauin və Aleksandr Murinson yazırlar ki, İsrail ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə yaxşılaşıb, eyni zamanda, erməni nəşrlərində və diaspor təşkilatlarında antisemit baxışlar və sərt tənqid daha müntəzəm xarakter alır, İsrailə və yəhudilərə qara yaxılır, onlar təhqir edilir və iblisləşdirilir”.
Ekspertin fikrincə, hamı yaxşı bilir ki, Ermənistan ən monoetnik ölkədir. Burada şovinizm, millətçilik, faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması Sarkisyan rejiminin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Ekspert yazır: “Ermənistan monoetnik ölkəyə çevrilib. Burada irqçiliklə bərabər, millətçilik və şovinizm inkişaf edir. Təəssüf ki, Ermənistanda antisemitizm faktı hamı tərəfindən qəbul edilməyib. Sovet İttifaqı dağılan vaxtdan etibarən Ermənistanda azlıq təşkil edən yəhudilər və yəhudi irsi kəskin şəkildə azalıb. Sovet hakimiyyətinin sonu hər cür məhdudiyyəti aradan qaldırıb. Ermənistanda antisemit hücumların və bəyanatların sayı kəskin artıb. İqtisadi tənəzzülün davam etməsi yəhudiləri bu ölkədən çıxıb getməyə vadar edib. Bundan əlavə, Ermənistanda yəhudilərə qarşı “mədəni zorakılıq” tətbiq olunur: antisemit məzmunlu kitablar nəşr edilir, televiziyada bu ruhda verilişlər yayımlanır, Yerevanda Holokost qurbanlarının memorial lövhəsi dəfələrlə təhqir edilib. Əlbəttə, başqa ölkələrdə də əhalinin bir hissəsinin nadanlığı üzündən belə faktlar baş verir. Ermənistanda isə antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin və Ermənistanın KİV nümayəndələrinin baxışlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Ermənistanda artıq yoxa çıxmaq üzrə olan çox azsaylı yəhudi icması dəfələrlə antisemit hərəkətlərə görə şikayət edib, yəhudi icmasının başçısı isə antisemitizmin hakimiyyət tərəfindən dəstəklənməsi ilə əlaqədar narahatlığını bildirib”.
Antidiffamasiya Liqasının 2014-cü ilin iyununda apardığı rəy sorğusu göstərib ki, Ermənistanda antisemitizmin səviyyəsi (58 faiz) öz miqyasına görə bütün Avropada üçüncü, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında isə ən yüksəkdir. Məqalə müəllifi yazır: “Beləliklə, Ermənistanın 2,2 milyon sakinindən təxminən 1,3 milyonu antisemit əhval-ruhiyyəlidir. Ermənistanda antisemitizmin belə yüksək səviyyədə olmasını yalnız Yaxın Şərqdə İsrailə düşmən olan ərəb ölkələrindəki vəziyyətlə müqayisə etmək olar. Antidiffamasiya Liqası tərəfindən aparılmış rəy sorğusunun nəticələrinə görə, ermənilərin 63 faizi yəhudilərə onların davranışına görə nifrət edir, 45 faizi hesab edir ki, yəhudilər Holokost barədə əvvəlki kimi yenə də hədsiz çox danışır, 38 faizinin fikrincə, dünya müharibələrinin əksəriyyəti üçün yəhudilər məsuliyyət daşıyırlar. Zənnimcə, bu rəqəmlər Ermənistan cəmiyyətində antisemitizmi parlaq əks etdirir”.
A.Qut daha sonra yazır: “Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 2016-cı ilin aprel hadisələrindən sonra, Ermənistanın müdafiə xəttinin cəbhənin bir neçə yerində yarılması və bəzi strateji yüksəkliklərdə və yaşayış məntəqələrində Azərbaycanın nəzarətinin bərpa olunması ilə nəticələnən sürətli əks-hücum zamanı biz Ermənistanda İsrail əleyhinə isteriya və əsl antisemitizm gördük. Erməni icması İsraildə hətta Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişi keçirdi. Ermənistanın İsraili tənqid etməsinə gəlincə, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edirlər. Heç bir üçüncü ölkənin bu prosesə müdaxilə etməyə haqqı yoxdur. Axı Azərbaycan soruşmur ki, nəyə görə Ermənistan ərazisində üçüncü dövlətin hərbi bazaları var və bu üçüncü dövlət tərəfindən Ermənistan Respublikasına necə hərbi yardım göstərilir. Aydın məsələdir ki, Ermənistanın müstəqil müdafiə strategiyası, hərbi tədarük siyasəti yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının üzvüdür və Rusiya ilə hərbi ittifaqın yaradılması barədə ikitərəfli saziş Ermənistanı müstəqil silahlı qüvvələrlə bağlı bütün prinsiplərdən məhrum edir”
Azərbaycanın əsas silah təchizatçılarından biri olan İsrail Ermənistana da silah sata bilər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbinin Ermənistana rəsmi səfərindən sonra bəyan edib. A.Qut vurğulayır: “Bununla belə, erməni siyasətçilərinin İsraillə Ermənistanın mümkün hərbi əməkdaşlığı haqqında sözləri siyasi uydurmadan başqa bir şey deyildir. Ermənistana silah ixrac etmək üçün İsrailin bu ölkə ilə strateji münasibətləri olmalıdır. Həqiqətdə isə İsrailin Ermənistanla bu münasibətləri sıfır səviyyəsindədir. Ermənistanın hərbi texnikanın satın alınmasına dair İsrailin hərbi-sənaye şirkətləri ilə ciddi müqavilələr imzalaması üçün maliyyə vəsaiti yoxdur. Ermənistan kommersiya nöqteyi-nəzərindən də heç bir iqtisadi perspektivə malik deyil”.
Ermənistanın Rusiya hərbi texnikasını və texnologiyasını subsidiya və ianə şəklində əldə etdiyini vurğulayan israilli ekspert yazır: “Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Cənubi Qafqaz regionunda təcrid vəziyyətində olan Ermənistan Xəzər dənizinin qaz və neft resursları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrin hüdudlarından real şəkildə kənarda qalır. Belə bir fakt şəksizdir ki, Ermənistan Cənubi Qafqazda ən asılı və ən yoxsul ölkədir. Sovet İttifaqı dağılandan sonra Ermənistan tamamilə Rusiyaya bağlıdır və onun xarici-siyasi və iqtisadi ambisiyalarından asılıdır. Əhalisi 1,5 milyon olan kiçik ölkə Ermənistan son illər geosiyasi təcrid vəziyyətindədir”.
A.Qutun fikrincə, 1998-ci ildən Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının faşist və antisemit Qaregin Njdeyə sadiq olduğunu açıq şəkildə bəyan etməsi daha bir ağlasığmaz faktdır. İsrailli analitik yazır: “Vurğulamaq lazımdır ki, faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu addımların arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının kriminal və terrorçu rəhbərliyi dayanır. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər. Tarix və yəhudi xalqı İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibindəki 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlar var. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərikmi? Bundan sonra ermənilər bizə vicdan, əxlaq və ədalət dərsi keçə bilərlərmi?! Bundan sonra Ermənistanın bəzi “yəhudi” liderləri mənə sübut etməyə çalışacaqlar ki, Ermənistanda antisemitizm, yəhudilərə və israillilərə nifrət yoxdur?”.
İsrail ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin Ermənistanı daim qıcıqlandırdığını vurğulayan A.Qut xəbərdarlıq edərək yazır: “İsrailin Azərbaycanla ikitərəfli münasibətlərinə, o cümlədən müdafiə sahəsində münasibətlərinə ziyan vurmaq və Azərbaycan cəmiyyətində onun müsbət imicini korlamaq üçün Ermənistan bəzi qeyri-rəsmi kanallarla İsraildən simvolik miqdarda hərbi texnika almaq fürsəti ələ keçirməyə çalışır. Əslində, Ermənistan müəyyən qədər hücum tüfəngi və ya snayper almaq, təmas xəttində 5-10 əsgəri bu silahla silahlandırmaq və sanki Ermənistan qoşunlarının İsrail silahları ilə silahlandırılması kimi xəyali bir obraz görüntüsü yarada bilər. Bunu sosial şəbəkələr və qondarma kütləvi informasiya vasitələri ilə də yaymağa cəhd göstərə bilərlər. Odur ki, İsrail və Azərbaycan Ermənistan Respublikasının bəd niyyətindən xəbərdar olduqları üçün həmin məsələdə daha diqqətli olmalıdırlar”.
Bundan əlavə, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş təcavüzkar dövlətdir. Ermənistan tərəfindən törədilmiş işğal və etnik təmizləmə nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın yaşayır. Ən qorxulu və əxlaqa sığışmayan fakt odur ki, Xocalı vəhşiliyinin ideoloqları, təşkilatçıları və günahkarları – Ermənistanın indiki prezidenti Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq prezidenti Robert Koçaryan və başqaları bu gün Ermənistanda yüksək vəzifələr tutmaqda davam edirlər.
Ermənistanın bütün cinayətkar hakimiyyətinin Xocalı soyqırımının törədilməsində əli olduğunu söyləyən İsrailli eksperti vurğulayır: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı cinayətdir. Bu tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan Xocalı sakinlərinə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Dinc Xocalı sakinləri yaxın məsafədən güllələnib, başlarının dərisi soyulub, bir çoxu diri-diri yandırılıb. Qocalar, uşaqlar və qadınlar ağlasığmaz və dözülməz işgəncələrə, amansız rəftara və həqarətlərə məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisi yalnız bir məqsədlə düşünülmüş şəkildə kütləvi məhv edilib – onların hamısı azərbaycanlı olub. Bu gün İŞİD-in əsirlərin başına açdıqları oyunların bəzən daha dəhşətlilərini erməni terrorçuları 1992-ci ildə Xocalıda törədiblər. Bu gün bu müharibə vəziyyəti Cənubi Qafqaz regionunda sülhü və təhlükəsizliyə təhdid edir. ABŞ-da və digər aparıcı ölkələrdə erməni lobbisinin intensiv səylərindən ruhlanan Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı dörd qətnaməsinə məhəl qoymur”.
Məqalə müəllifinin fikrincə, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur. Bu iki ölkə arasında münasibətlər xüsusilə heyrətləndirir, çünki Azərbaycan dünyəvi müsəlman ölkəsidir. “Ancaq bu sıx qarşılıqlı münasibətlər azərbaycanlılar və bu ölkədə yaşayan yəhudilər arasında çoxdankı dostluğa əsaslanır. Bir çox xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. Əslən Azərbaycandan olan israillilər Azərbaycan və İsrail arasında iqtisadi və hətta geosiyasi əməkdaşlığın formalaşması və möhkəmlənməsi üçün çox iş görürlər. İsrail Azərbaycana həmişə böyük diqqət və mehribanlıqla yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürünü dəfələrlə pisləyib və pisləməyə davam edir. İqtisadi əlaqələrin genişlənməsi nəzərə alınarsa, bu, xüsusilə aktualdır: İsrail Azərbaycan neftini alır və Azərbaycanın kənd təsərrüfatına və sənayesinə sərmayə yatırır, Azərbaycan isə ekologiya, telekommunikasiyalar, təbii sərvətlər sahələrində əlaqələrin genişlənməsində maraqlıdır. Bundan əlavə, hər iki tərəf təhsil və mədəniyyət sahələrində layihələri təşviq edir.
Bu gün sirr deyildir ki, İsrailin hərbi-sənaye şirkətləri Azərbaycanın hərbi sənayesinin yaradılmasında və inkişafında fəal iştirak edirlər. Azərbaycan hərbi texnika tədarükü sahəsində İsrailin ciddi tərəfdaşıdır. Açıq mənbələrdən olan informasiyaya görə, İsrail ilə Azərbaycan arasında müdafiə avadanlığının alınmasına dair imzalanmış müqavilələrin məbləği 5 milyard ABŞ dolları təşkil edir. Son üç ildə Azərbaycan İsraildən silah idxal edən çox əhəmiyyətli istiqamətə çevrilib. Hətta Azərbaycanın “Dəmir günbəz” sistemi almaq imkanları axtarması barədə xəbərlər var.
A.Qut qeyd edir ki, Ermənistanın “Armenian Report” saytı açıq şəkildə antisemitizmi və antiisrailizmi təbliğ edir və hətta İsrail dövlətini məhv etməyə çağırır. Baxın görün, onlar nələr yazırlar: “Biz İsrail əleyhinə qəti mövqedə dayanan İran, hərbiləşdirilmiş ərəb qruplaşmaları və təşkilatları ilə daha sıx əməkdaşlıq etməliyik. Bunun üçün Ermənistan hökuməti Yaxın Şərqdə yaşayan, “Hizbullah”, “İslam cihadı”, “Həmas”, xüsusilə də “İzzəddin əl-Qəssam briqadaları” ilə sıx əlaqələri olan erməniləri fəal cəlb etməlidir. Yaxın Şərqdəki diaspor təşkilatlarımız İsraili məhv etməyi vəd edən bu təşkilatları maliyyələşdirməyə başlamalıdırlar”.
A.Qut yazır: “Düşünürəm ki, heç bir şərhə ehtiyac yoxdur. Heç bir zəmanət yoxdur ki, Ermənistan, fərz edək, İsraildən aldığı silahları İrana və “Hizbullah” terrorçu təşkilatına ötürməyəcək. Bu sahədə İran və Ermənistan arasında yaxşı tənzimlənmiş xətt mövcuddur. “Wikileaks”ə görə, Ermənistan Bolqarıstandan xeyli tank əleyhinə raket alıb. Bir neçə ay sonra İraqda Amerika tankları bu raketlərlə məhv edilib. Raketlərin kodunun yoxlanılması zamanı müəyyən edilib ki, onlar Bolqarıstanda istehsal edilib və İraqa Ermənistandan gətirilib. Hətta o dövrdə ABŞ dövlət katibi olan Hillari Klinton Ermənistan Prezidentinə sərt etiraz məktubu yazıb və izahat tələb edib”.
Eyni zamanda, Ermənistan KİV-ləri Ermənistanın SPIKE raketləri alması barədə yalan informasiya yayırlar. A.Qut yazır: “Fərz edək, Ermənistan İsraildən SPIKE raketləri aldı, sonra bu silahları İrana ötürdü və daha sonra bu raketlər Hizbullah terrorçularının əlinə keçdi. “Hizbullah” ilk növbədə psixoloji təzyiq elementi kimi, bu raketlərdən İsrail əsgərlərinə və tanklarına qarşı istifadə edə bilər. Bu riskin ikinci hissəsi hərbi texnikanın ötürülməsi ilə bağlıdır. Ermənistana hər hansı hərbi texnika satışı o deməkdir ki, bu silahın prototipi tezliklə İranın və müdafiə bazarında İsrailin rəqibi olan Rusiyanın əlinə keçə bilər”.
Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada presedenti olmayan qayğıkeşliklə və mehribanlıqla yanaşdığını əslən Azərbaycandan olan İsrail vətəndaşı kimi fəxrlə qeyd edən A.Qut yazır: “Azərbaycan Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir”.
İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır. Arye Qut məqaləsində yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 25 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruridir.
Prezident İlham Əliyev və Baş nazir Binyamin Netanyahu ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsində yeni səhifə açıblar. Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin çox gözəl və parlaq nümunəsidir. Azərbaycanda yəhudilərə əsrlər boyu hörmətlə yanaşılması bu ölkəyə rəğbət və heyranlıq hissini daha da gücləndirir.
Bu gün müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə dayanır. Bəşəri əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi hər iki ölkəni zənginləşdirir. Bundan əlavə, bu ölkədə yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayıblar, onlar bir-birinə ortaq tarixi tellər və tale ilə bağlıdırlar. İftixarla deyə bilərəm ki, sivil deyilən bir çox Avropa ölkələrindən və xalqlarından fərqli olaraq, nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”.
AZƏRTAC