Rusiyanın baş naziri Dmitriy Medvedyev bildirib ki, ABŞ yeni sanksiyaları ilə Rusiyaya qarşı geniş miqyaslı ticarət müharibəsi elan edib.
Astarainfo.az “Ölkə.Az”- a istinadən xəbər verir ki, Rusiyanın ikinci rəsmi şəxsi bu barədə “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.
Rusiyanın baş naziri açıqlamasında deyib: “Rusiyaya qarşı yeni sanksiya qanun layihəsinin ABŞ prezidenti tərəfindən imzalanmasının bir neçə nəticəsi var. Birincisi, yeni ABŞ administrasiyası ilə münasibətlərimizi yaxşılaşdırmaq ümidinin sonu deməkdir. İkincisi, Rusiyaya qarşı geniş miqyaslı ticarət müharibəsi elan edildi. Üçüncüsü, Tramp administrasiyası icra səlahiyyətlərini ən alçaldıcı şəkildə Konqresə təhvil verərək gücsüzlüyünü nümayiş etdirdi. Bu ABŞ siyasi dairələrindəki güc balansını dəyişdirir”.
Trampın ABŞ daxilindəki mübarizədə məğlub olduğunu qeyd edən Medvedyev davam edib: “Prezident yeni sanksiyalardan məmnun deyil, amma imzalamaq məcburiyyətində qaldı. Yeni sanksiya mövzusu əvvəlcə Trampı yerinə qoyma üsulu olaraq ortaya çıxdı. Əsas məqsədi Trampın vəzifədən uzaqlaşdırılması olan yeni cəhdlər olacaq. Onlara görə sistemdən kənar oyunçu yox edilməlidir. Bununla da ABŞ iş dünyasının maraqları gözardı edilir. Siyasət, praqmatik yaxınlaşmaya qalib gəlib. Rusiya əleyhinə isterika ABŞ-ın sadəcə xarici yox, daxili siyasətinin də önəmli bir hissəsinə çevrilib”.
Sanksiya rejiminin kodlaşdırıldığını və möcüzə olmasa, onlarla il davam edəcəyini bildirən Medvedyev “Üstəlik Cekson-Vanik qanununa əsasən çox sərt olacaq. Çünki geniş miqyaslı bir xüsusiyyəti var və Konqres tərəfinddən təsdiqlənmədən prezidentin əmri ilə ləğv edilə bilməz. Beləcə Rusiya-ABŞ münasibətləri Konqres üzvləri və prezidentin şəxsiyyətindən asılı olmadan olduqca gərgin olacaq. Beynəlxalq qurum və məhkəmələrdə uzun müzakirələr bizi gözləyir. Beynəlxalq gərginlik getdikcə artacaq. Vacib beynəlxalq problemlərin həllindən vaz keçiləcək”-deyə şərh edib.
Bu sanksiyaların Rusiya üçün nəticələrini qiymətləndirən Medvedyev yazıb: “Əvvəlcə öz gücümüzə güvənərək sakit bir şəkildə iqtisadiyyat və sosial sahəni inkişaf etdirmək, idxalı artırmaq, ölkənin ən böyük problemlərini həll etməyə davam edəcəyik. Son illərdə bunu etməyi öyrənik. Bütün maliyyə bazarlarının bağlı olması, xarici kredit təşkilatları və sərmayədarların üçüncü tərəf və ölkələrə sanksiya tətbiq ediləcəyi qorxusu ilə Rusiyaya sanksiya tətbiq etməkdən çəkinməsi şərtlərində işləməyə alışdıq. Bütün bu sanksiyalar ümumi olaraq işimizə yaradı. Biz uğur qazanacağıq”.